Bu gün Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramıdır
17 Dekabr 2009 Cümə Axşamı 05:35
Bu ildən “Zəfər-K”, “Zəfər”, “İnam” tapançaları, minaatanlar, qumbaralar və minaaxtaranların istehsalına başlanılıb
Bu gün Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramıdır. Prezident İlham Əliyevin bu il noyabrın 10-da imzaladığı sərəncama əsasən, hər il dekabr ayının 17-si Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd olunacaq.
Müdafiə Sənayesi Nazirliyi Azərbaycan prezidenti İlham Əliyevin 16 dekabr 2005-ci il tarixdə imzaladığı sərəncamla yaradılıb. Nazirliyin məlumatına görə, müdafiə sənayesində 2009-cu ilin proqnozuna 106,6 faiz əməl olunub ki, bu da ötən ilin göstəricisindən 32,3 faiz artıqdır. İstehsalına yeni başlanılmış silahlar sırasına əsasən döyüş sursatları, o cümlədən “Zəfər-K”, “Zəfər”, “İnam” tapançaları, minaatanlar, qumbaralar, minaaxtaranlar daxildir. Müdafiə Nazirliyinin və digər qurumların verdiyi sifarişlər 100 faiz yerinə yetirilib.
Nazir Yavər Camalovun sözlərinə görə, Azərbaycanda istehsal olunan məhsullar dünya standartlarına cavab verir. Bu ilin aprelində Müdafiə Sənayesi Nazirliyi 27 adda məhsulla İstanbulda keçirilmiş beynəlxalq sərgidə iştirak edib. Tədbirdə təmsil olunan ölkələrdən bir neçəsi Azərbaycanın istehsal etdiyi məhsullara maraq göstərmişdir. İlkin olaraq Türkiyə şirkəti ilə 2010-cu ilin birinci altı ayında 30 milyon ədəd patronun ixracı ilə əlaqədar müqavilə bağlanmışdır. Hazırda bir neçə digər ölkə ilə silah-sursat alqı-satqısı istiqamətində danışıqlar aparılır. Nazirlik 2010-cu ildə daha 3 sərgidə - mayda İordaniyada, sentyabrda CAR-da, noyabrda Yunanıstanda keçiriləcək sərgilərdə iştirak edəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: