Bu gün ilaxır çərşənbəsidir
18 Mart 2014 Çərşənbə Axşamı 00:33
Qədim el adətlərinə və inanclara görə, axır çərşənbədə uşağa beşik düzəldərlər, gün çıxmamış su üstündən hoppanarlar.
Bu gün Novruz bayramı öncəsi qeyd edilən ilaxır çərşənbə - yer çərşənbəsidir. Torpaq çərşənbəsi deyilən bu gün insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq cərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır.

Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma və bir çox adət-ənənələr var.

Qədim el adətlərinə və inanclara görə, axır çərşənbədə uşağa beşik düzəldərlər, gün çıxmamış su üstündən hoppanar, tonqal yandırar, kəlin buynuzuna qırmızı bağlarlar.

Bu gündə qorxanların başından su töküb qorxunu alarlar, evdən pul, qonşuya ələk verməzlər. Axır çərşənbə günü şamı yarımçıq söndürməzlər, ailə üzvlərinin sayına görə şam yandırar, evdən od, kibrit, neft, ağartı, un, çörək verməzlər. Axır çərşənbə gecəsi tez yatmazlar, evdə qazan asarlar, vəfat etmiş yaxın adamları yada salarlar, vəfat etmiş yaxın adamların adını çəkib "filankəslərin adına qazan asdım" deyib qazana ət, düyü və s. tökərlər. Axır çərşənbə günü ertədən lampa yandırarlar.

İlin axır çərşənbəsində qızlar bir qaba su tökər, əllərindəki üzükləri çıxarıb saçlarına salırlar. Niyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə qaba dəyirsə, sayırsan; demək, o yaşda da gəlin gedəcəksən.

Axır çərşənbə gecəsi ürəyində niyət tutub yatmaq lazımdır. Gecə yarısı yuxudan dur və şamı yandır. Şamı götürüb güzgüyə yaxınlaş. Güzgüdə gələcək nişanlını görəcəksən.

İlin axır çərşənbə axşamı ana uşaqlarının başından tük qırır və axar suya atır. Bir qab həmin yerdən su götürür və uşaqlarının üstünə çiləyir. Bu su təmizlik, sağlamlıq, paklıq gətirir. Həmin ili uşaqlar xəstələnmir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar