Bu gün Azərbaycan Neft Fondunun yaranma günüdür
29 Dekabr 2009 Çərşənbə Axşamı 04:30
Bu gün Azərbaycan Neft Fondunun yaranma günüdür. Azərbaycan neft-qaz gəlirlərinin səmərəli istifadəsi üçün yaradılan fondun 10 illiyidir.
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yaranma tarixidir. ARDNF xarici sərmayəçilərlə ölkə neft-qaz ehtiyatlarının birgə işlənməsini nəzərdə tutan bir sıra sazişlər imzalanması ilə əldə olunan gəlirlərin səmərəli istifadəsi üçün Azərbaycanın sabiq prezidenti Heydər Əliyev tərəfindən 29 dekabr 1999-cu ildə yaradılıb. ARDNF-nin əsasnaməsi 29 dekabr 2000-ci il tarixli 434 nömrəli fərmanla təsdiq edilib. Ölkə Prezidentinin 19 iyun 2001-ci il tarixli 511 nömrəli fərmanı ilə ARDNF-nin valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında qaydalar təsdiq edildikdən sonra Neft Fondu əməli fəaliyyətə başlayıb.
Neft Fondunun fəaliyyəti neft və qazın kəşfiyyatı və işlənməsi sahəsində bağlanmış sazişlərin həyata keçirilməsindən və Fondun öz fəaliyyətindən əldə olunan vəsaitin toplanması və səmərəli idarə edilməsi vasitəsi ilə ölkə qarşısındakı aşağıdakı mühüm vəzifələrin həllinə yönəldilib:
- Böyük həcmdə daxil olan xarici valyuta gəlirləri şəraitində ölkədə makroiqtisadi sabitliyin qorunması və maliyyə-vergi intizamının təmin edilməsi, eyni zamanda, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının təmin edilməsi;
- Neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitinin toplanması;
- Azərbaycanın sosial-iqtisadi tərəqqisi ilə əlaqədar mühüm ümummilli layihələrin maliyyələşdirilməsi.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il 25 dekabr tarixli Fərmanı ilə ARDNF-nin 2010-cu il üçün büdcəsi təsdiq edilib. Fondun təsdiq olunmuş büdcəsinə uyğun olaraq, 2010-cu ildə ARDNF-nin gəlirləri 5 963 126,7 min manat, xərcləri 5 428 431,2 min manat təşkil etməsi nəzərdə tutulur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: