Bu gün Aşura günüdür
27 Dekabr 2009 Bazar 00:25
Aşura günündə qanvermə aksiyalarının keçirilməsi ənənəsi bu gün də davam etdiriləcək
Bu gün Hicri-Qəməri təqvimi ilə Məhərrəm ayının 10-cu günü - Aşuradır. 1367 il öncə Məhərrəm ayının 10-cu günündə Məhəmməd Peyğəmbərin (s) nəvəsi, İmam Əlinin (ə) oğlu İmam Hüseyn (ə) İraqın Kərbəla çölündə 71 tərəfdarı ilə birlikdə şəhid olub, Yezid ibn Müaviyyənin 30 minlik ordusu tərəfindən qətlə yetirilib. İmam Hüseynin (ə) əhli-əyalı isə Yezidin qoşunu tərəfindən əsir alınaraq Şam şəhərinə sürgün edilib.
Tarixi mənbələrdə xəlifə Müaviyyə ibn Əbu Süfyanın ölümündən sonra onun taxta çıxan oğlu Yezid ibn Müaviyyənin imansız və əyyaş olduğu, bütün gününü qumar oynamaqla keçirdiyi bildirilir. Onun bu əməlləri İmam Hüseyni (ə) ciddi narahat etdiyindən İmam Hüseyn (ə) Yezidə bildirir ki, İslam xəlifəsinə yaraşmayan pis işlərdən çəkinməsə, babası Peyğəmbərin (s) dinini qorumaq üçün ona qarşı üsyan edəcək. Yezid isə İmam Hüseynə (ə) çoxlu pul və qızıl qarşılığında onun xəlifəliyini qəbul etməyi təklif edir, əks halda öldürəcəyi ilə hədələyir. İmam Hüseyn (ə) isə bu təklifi rədd edir və bildirir ki, “Əgər babam Məhəmmədin dini mənim ölməyimlə yaşayacaqsa, onda ey qılınclar, doğrayın məni!”

Bundan sonra Kərbəla çölündə Yezidin qoşunu ilə üz-üzə gələn İmam Hüseyn (ə) 71 tərəfdarı ilə birlikdə qəhrəmanlıqla vuruşaraq din yolunda şəhid olur. Bu səbəbdən dünya müsəlmanları Məhərrəm ayını matəm ayı kimi qeyd edirlər.
Tarixi mənbələrə əsasən, İmam Hüseyn (ə) öz tərəfdarları ilə Mədinədən Kərbəlaya yola düşməzdən əvvəl yazdığı vəsiyyətnamədə buyurur: “Mədinədən özümü qorumaq üçün çıxmıram. Bu işdə məqsədim babam Məhəmmədin (ə) dinini və ümmətini imansız insanların şərindən və fitnə-fəsadından qorumaqdır. Kim haqqı müdafiə etmək istəyirsə, Allah xətrinə bu yolda mənə qoşulsun!”

İmam Hüseynə (ə) ilk yas saxlayan Məhəmməd Peyğəmbər (s) olub. Vəhy mələyi Cəbrayıl (ə) ona qabaqcadan xəbər vermişdi ki, nəvəsi İmam Hüseyn (ə) ümməti tərəfindən Kərbəlada şəhid ediləcək. Bu səbəbdən Peyğəmbər (s) hər dəfə balaca Hüseyni (ə) görəndə gözləri yaşla dolar və buyurardı: “Hüseynin müsibətinə ağlayan gözlərdən başqa, qiyamətdə bütün gözlər ağlar qalacaq. Ona ağlayan, qiyamət günü şad və gülərüz olacaq!”

Qeyd edək ki, dünyanın bir çox şiə-müsəlman ölkəsində olduğu kimi, Azərbaycanda da qətlə yetirilən peyğəmbər övladları və digər müsəlmanlar yad edilir. Minlərlə insan bu faciəli, lakin şərəfli günü anmaq üçün Azərbaycandakı məscidlərə gedib, Allaha xətir nəzir verir və ehsan paylayır. Bundan başqa, artıq bir neçə ildir ki, Qafqaz Müsəlmanları İdarəsi aşura günü ilə bağlı vətəndaşları dini matəmi sakit şəkildə, qan çıxarmamaqla, özlərinə xəsarət vermədən keçirməyə, müqəddəs yerlərdə nizam-intizamı gözləməyə çağırır. Qafqaz Müsəlmanları İdarəsinin təşəbüssü ilə ənənəvi qanvermə aksiyasları keçirilir.

Bu gün də ölkə ərazisində qanvermə aksiyası keçiriləcək. Asiya səhər saat 9.00-dan başlayacaq. Paytaxtın yeddi məscidində, o cümlədən, “Əli ayağı” və “Mirmövsüm ağa” ziyarətgahlarında qan veriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar