Bu gün 4 milli qəhrəmanımızın ad günüdür
06 İyun 2011 Bazar Ertəsi 09:26
Mövsüm Məmmədov, Zabit Quliyev, Faiq Ağayev və Vəzir Sədiyev iyunun 6-da dünyaya gəlib
Bu gün 4 Azərbaycan milli qəhrəmanının ad günüdür. İyunun 6-da Azərbaycanın milli qəhrəmanları Mövsüm Məmmədov, Zabit Quliyev, Faiq Ağayev və Vəzir Sədiyev anadan olub.

Mövsüm Şahin oğlu Məmmədov 1967-cil iyunun 6-da Xocalı rayonu Kosalar kəndində anadan olub. O, 1992-ci ildə milis (polis) sıralarına daxil olmuş, Meşəli, Kocalar və digər kəndlərin müdafiəsində fəal iştirak etmişdir. 1992-ci il ərzində Xocalının müdafiəsində fədakarlıqla vuruşmuş, dinc əhalinin xilas edilməsində xüsusi sücaət göstərmişdir. Hazırda Daxili işlər nazirliyinin orqanlarında fəaliyyətini davam etdirir, polis polkovnik-leytenantıdır.

Zabit Adil oğlu Quliyev 1975-ci il iyunun 6-da Kürdəmir rayonu Ərəbxana kəndində anadan olub. O, 1993-cü ilin sentyabrında Milli Ordunun tərkibində düşmənə qarşı vuruşub, Füzuli, Ağdam, Ağdərə, Tərtər bölgələrində qəhrəmanlıq nümunələri göstərib, sərrast atəşlə düşmənin ağır texnikasını sıradan çıxartmaqda ad qazanmışdı, təkcə Tərtərin Seysulan kəndi uğrunda gedən döyüşlərdə düşmənin 4 tankını vurub. Hazırda Vətənə, Xalqa xidmətini davam etdirir.

Faiq Alış oğlu Ağayev 1969-cu il iyunun 6-da Ağdam rayonu Papravənd kəndində anadan olub. O, 1990-cı ilin sentyabr ayından Ağdam rayonunun milis (polis) alayının tərkibində düşmənə qarşı vuruşub, Dağlıq Qarabağın bütün kədlərinin müdafiəsində xüsusi sücaət göstərib. 1991-ci il dekabrın 23-də Meşəli kəndi ermənilərin hücumuna məruz qaldı, Faiq Ağayev kiçik bir dəstə ilə kəndin kənarında mövqe tutur, düşmənin qarşısını alır, həlak olur, ölümü ilə dinc əhalinin kəndi tərk etməsinə şərait yaradır. Ağdam rayonu Papravənd kəndində dəfn edilib.

Vəzir İsa oğlu Sədiyev 1961-ci il iyunun 6-da Borçalının Aşağı Qullar kəndində anadan olub. O, peşəkar zabit kimi Sovet ordusunuda xidmət edib, Artilleriya və raket qoşunları tərkibində hərbi hissənin qərargah rəisinin müavini olub, 1992-ci ilin avqustunda Milli Ordumuza qayıdıb, mayor rütbəsində Artilleriya və Hərbi Hava Qüvvələri sistemində çalışıb, Laçın, Qubadlı, Füzuli, Ağdərə istiqamətlərində fəal iştirak edib, əsl hərbçi kimi ad çıxarıb. O, 1993-cü il fevralın 19-da Ağdərənin Aterk kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar