BP ADNA-nın 66 tələbəsinə xüsusi mükafat təqdim edib
01 İyun 2011 Çərşənbə 10:41
Onların 30 nəfəri Akademiyaya qəbul zamanı ən yüksək bal toplamış birinci kurs tələbəsidir
BP şirkəti Azərbaycan Dövlət Neft Akademiyası üçün nəzərdə tutulmuş illik təhsilə dəstək proqramını təqdim edib. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 2011-ci il üçün proqram bu təhsil müəssisəsinin bir qrup birinci və ikinci kurs tələbəsinə xüsusi mükafatların verilməsini nəzərdə tutur.

Neft Akademiyasının 66 tələbəsinə 2011-ci ilin xüsusi mükafatları təqdim edilib. Onların 30 nəfəri Akademiyaya qəbul zamanı ən yüksək bal toplamış birinci kurs tələbəsidir və onlara xüsusi mükafat kimi BP-nin kompüterləri verilib. Qalan 36 nəfər ikinci kurs tələbəsidir ki, onları BP riyaziyyat, fizika və məntiq üzrə özünün keçirdiyi texniki testlərin nəticələri əsasında xüsusi olaraq seçilib. Bu tələbələrə isə ingilis dili bilgilərini təkmilləşdirmək üçün BP-nin maliyyəsi ilə xüsusi təlim proqramında iştirak etmək imkanı verilib. Bu bilgilər onların texniki sahələrdəki yüksək biliklərini tamamlayacaq.

Bu proqram Dövlət Neft Akademiyasında neft-qaz mədən, geoloji kəşfiyyat, neft mexanikası, energetika, istehsalat proseslərinin avtomatlaşdırılması sahəsində ixtisaslaşan ən yaxşı tələbələri təhsildə yeni uğurlara ruhlandırmaq məqsədi daşıyır.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşirin sözlərinə görə, Azərbaycanda təhsilin inkişafına dəstək BP-nin bu ölkənin ümumi inkişafında yaxından iştirak etmək istəyinin ən mühüm istiqamətidir: "Təhsilə dəstək verməklə biz ölkənin gələcəyinin qurulmasına öz töhfəmizi vermək niyyətindəyik. Bizim Dövlət Neft Akademiyası üçün nəzərdə tutulmuş illik təhsilə dəstək proqramımız bu tədris ocağı ilə geniş əməkdaşlığımızın bir hissəsidir. Proqramın məqsədi Akademiyanın ən qabaqcıl və istedadlı tələbələrindən xüsusi seçilmiş bir qrupuna onların təhsildə daha uğurlu nəticələr qazanmasında və ümumi elmi inkişafında dəstək verməkdir. İnanırıq ki, bu mükafatlar onları yeni uğurlara ruhlandıracaq”.



DOSTLARINLA PAYLAŞ:

oyunlar