BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Naxçıvanda olub
28 Aprel 2011 Cümə Axşamı 13:00
Ali Məclisin sədri Vasif Talıbov qurum rəsmisini qəbul edib
Dünən Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikada səfərdə olan BMT-nin Azərbaycan Respublikasındakı rezident-əlaqələndiricisi Fikrət Akçura ilə görüşüb. ANS PRESS-in “AzərTAc”a istinadən verdiyi xəbərə görə, görüş zamanı Ali Məclisin sədri bildirib:

“Azərbaycan bu quruma 1992-ci ildə daxil olub. Həmin ilin martından ölkəmizin BMT-də nümayəndəliyi, 1993-cü ildən təşkilatın Azərbaycanda nümayəndəliyi fəaliyyətə başlayıb. 1993-2011-ci illər ərzində nümayəndəlikdən müxtəlif təyinatlı proqramlar üzrə Naxçıvana səfərlər olub.

BMT-nin İnkişaf, eləcə də İnsan Hüquqları Komitəsinin din və əqidə azadlığı üzrə proqramlarında, Azərbaycan Kənd İnvestisiya Layihəsində, Dünya Bankının həyata keçirdiyi proqramlarda NMR iştirak edir. 2010-cu ilin iyun ayında Naxçıvanda Azərbaycan Kənd İnvestisiya Layihəsinin xətti ilə “Zonalararası qarşılıqlı görüşlər” sessiyası keçirilib. Ötən illər ərzində BMT-nin muxtar respublika ilə əlaqələri çox məhsuldar olub, burada həyata keçirilən proqramlar uğurla nəticələnib”.

Ali Məclisin sədri BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə əlaqələrdən razılığını, əslən türk olan Fikrət Akçuranın bu vəzifəyə təyin olunmasından məmnunluğunu bildirərək deyib: “Sizin BMT-nin ölkəmizdə rezident - əlaqələndiricisi təyin olunmağınız Azərbaycanla bu təşkilat arasındakı əlaqələrin möhkəmlənməsinə xidmət edəcək, həyata keçirilən proqramların uğurlu olmasına şərait yaradacaq”.

Fikrət Akçura öz növbəsində bildirib ki, Azərbaycan sürətlə inkişaf edən bir ölkədir.

“BMT-nin xidmət etdiyi əsasən zəif inkişaf edən ölkələrdir. Bu baxımdan Azərbaycan kimi sürətlə inkişaf edən, müasirləşən ölkədə fəaliyyət göstərmək mənim üçün çox rahatdır. Azərbaycan çox çətin günlər yaşayıb. Ancaq Heydər Əliyevin səyi nəticəsində ölkə iqtisadi cəhətdən güclənib, buradakı problemlər öz həllini tapıb. Ümid edirik ki, Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsi tezliklə həll olunacaq, Azərbaycan vətəndaşları doğma torpaqlarına qayıdacaqlar”.

Fikrət Akçura Naxçıvana səfərinin tanışlıq xarakteri daşıdığını bildirib, səmimi görüşə görə təşəkkür edib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Qonaq ikigünlük səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək, muxtar respublikanın görməli yerləri, tarixi abidələri, mədəniyyət müəssisələri ilə tanış olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar