“Bizim məqsədimiz yalnız doğma torpaqlarımıza qayıtmaqdır”
26 Aprel 2011 Çərşənbə Axşamı 11:26
“Bizim məqsədimiz yalnız doğma torpaqlarımıza qayıtmaqdır. Münaqişənin həlli ilə bağlı aparılan danışıqlardan gözləntimiz də bundan ibarətdir”.


APA-nın xəbərinə görə, bu sözləri YAP-ın saytına açıqlamasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin rəhbəri Bayram Səfərov deyib. B. Səfərov bildirib ki, Dağlıq Qarabağa hər hansı statusun verilməsi məhz azərbaycanlıların bu bölgəyə qayıdışından sonra reallaşa bilər və bu məsələdə Azərbaycan dövlətinin tutduğu mövqe tam ədalətlidir.

Dağlıq Qarabağda azərbaycanlılarla ermənilərin birgə təhlükəsiz şəraitdə yaşaması üçün zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayan icma rəhbəri qeyd edib ki, hər iki icma əvvəllər olduğu kimi normal yaşayıb fəaliyyət göstərmək iqtidarındadır: “Dağlıq Qarabağda sadə ermənilər Azərbaycan qanunları çərçivəsində yaşamaq istəyirlər, onlar həmin günü çoxdan gözləyirlər. Sadəcə, separatçı rejim, məkrli qüvvələr buna imkan vermir. Təbii ki, sülh şəraitində yaşamaq üçün separatçı rejimin fəaliyyətinə son qoyulmalıdır. Biz Azərbaycan prezidentinin münaqişənin həlli istiqamətində apardığı siyasətə inanırıq və ümid edirik ki, keçirilən görüşlər, danışıqlar müsbət nəticə verəcək. Ermənistan anlamalıdır ki, onların Azərbaycan torpaqlarını işğaldan azad etməkdən başqa şansları yoxdur”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar