Bir sıra bələdiyyələr üzrə səsvermənin nəticələri ləğv edildi
10 Yanvar 2010 Bazar 21:20
70 saylı Masallı şəhər DSK-nın heyətinin tam şəkildə buraxılması barədə qərar qəbul olunub
Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) bir sıra seçki dairələrində və məntəqələrdə 2009-cu ilin dekabrın 23-də keçirilən bələdiyyə seçkilərinin nəticələrini ləğv edib. MSK-nın bu gün keçirilən iclasında səsvermədən sonra aşağı seçki məntəqələrində aparılan araşdırmalardan sonra səsvermənin nəticələri ləğv edilib. Müzakirələrdən sonra 50 saylı Qobustan-Xızı-Quba Dairə Seçki Komissiyasının sədrinin bu vəzifəyə uyğun fəaliyyət göstərmədiyi qənaətinə gəlinib və o, vəzifəsindən azad edilib.

Bundan başqa 70 saylı Masallı şəhər DSK-nın heyətinin tam şəkildə buraxılması barədə qərar qəbul edilib. 80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə Sarxanlı bələdiyyəsinə, 71 Masallı kənd seçki dairəsi üzrə Boradigah və Ərkivan bələdiyyələrinə, 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Naftalan şəhər bələdiyyəsinə, 79 saylı İmişli seçki dairəsi üzrə Mərzəli bələdiyyəsinə,64 saylı Sabirabad seçki dairəsi üzrə Şəhriyar bələdiyyəsinə keçirilən seçkilərin nəticələri etibarsız sayılıb. Həmçinin 70 saylı Masallı şəhər seçki dairəsinin 3 saylı seçki məntəqəsində səslərin yenidən sayılması və 79 saylı İmişli seçki dairəsi üzrə 7 seçki məntəqəsinin tərkibinin buraxılması barədə qərar qəbul edilib.

İclasda həmçinin Ümid Partiyasından daxil olmuş bir neçə seçki məntəqəsi üzrə şikayətə baxılıb. Müraciətləri araşdıran MSK üzvü Ramiz İbrahimov bildirib ki, müraciətlərdə göstərilən seçki məntəqələrində Ümid Partiyasını təmsil edən komissiya üzvlərindən izahat alınıb: “Onlar bildiriblər ki, həmin seçki məntəqələrində seçkilər tam olaraq azad keçirilib və heç bir qanun pozuntusu baş verməyib. Onlar həmçinin həmin seçki məntəqələrində Ümid Partiyasının müşahidəçilərinin olmadığını qeyd ediblər".

R.İbrahimov bildirib ki, partiyanın müraciəti öz təsdiqini tapmayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar