Binəqədidə üzümçülük təsərrüfatları yaradılacaq
19 İyul 2011 Çərşənbə Axşamı 16:33
Sahibkarlığa Kömək Milli Fondu Binəqədidə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Binəqədi rayonunda “Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbir çərçivəsində Binəqədi rayonunda mövcud iqtisadi potensialın reallaşdırılması və sakinlərin məşğulluğunun təmin olunması məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi planlaşdırılıb.
İntensiv üzümçülük təsərrüfatlarının yaradılması;
Faraş tərəvəz məhsullarının (eləcə də müxtəlif çiçəklərin) yetişdirilməsi üçün müasir istixana komplekslərinin yaradılması;
Müasir çörək istehsalı müəssisəsinin yaradılması;
Müasir tələblərə cavab verən ətlik və yumurtalıq istiqamətli quşçuluq təsərrüfatlarının yaradılması;
Kiçik həcmli müasir ət kəsimi və emalı müəssisəsinin yaradılması.
Qeyd edək ki, bu gündən etibarən “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq, sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: