Bilgəh Sumqayıt yolu bağlanıb
07 May 2014 Çərşənbə 00:38
Sakinlər Bilgəh Sumqayıt yolunu bağlayıblar. Onlar evlərinin sökülməsi şərtlərindən narazıdırlar.
Paytaxtın müxtəlif istiqamətlərində yenidənqurma və abadlıq işləri gedir. ANS TV-nin məlumatına görə, bu yenidənqurmadan Pirşağı qəsəbəsinin yeni yaşayış massivində yaşayanlara da pay düşüb. Yolun çəkilişi bəzi evlərin sökülməsi problemini gündəmə gətirib. Bu söküntü işləri də bəzi narazılıqlarla müşayiət olunur. Məhz bu narazılığı əsas tutub, bu gün yolu bağlayanlar da tapılıb.
Yolu bağlayanlar Sabunçu rayonunun Pirşağı qəsəbəsinin yeni yaşayış massivinin sakinləridir. Onları yolu bağlamağa məcbur edən səbəb isə tezliklə evlərinin söküləcəyi xəbərini eşitmələridir. Sakinlərin dediyinə görə, yaşadıqları evlər yeni çəkiləcək Bilgəh-Quba yolunun ərazisinə düşdüyündən söküntüyə məruz qalmaq üzrədir. Ərazidəki 104 evin sakininə də mənzillərinin hər kvadratmetrinə görə 250-300 manat ayrılacağı bildirılır. Həmçinin fərdi yaşayış evlərinin həyatyanı sahəsinin hesablanmaması və mənzillərin ölçüsünün düzgün götürülməməsi də onları narazı salıb. Yeni yaşayış massivinin sakinlərinin dediyinə görə, ərazidə “Azəryolservis” ASC yoxlamalar aparıb. Bununla bağlı rayon icra hakimiyyətinə dəfələrlə müraciət də olunub.
Yeni yaşayış masivinin sakini Xəlil Abbasovun sözlərinə görə, torpağa pul vermirlər: “Məndə nə qədər meyvə ağacım vardı hamısını kəsdim. Mənim sahəm 135 kvadratmetrdir, 120 yazıblar. Bu daş bu tərəzi, nə evim qaçır nə də mən”.
Elnur Şükürov deyir ki, “Azəryolservis” tərəfindən ayrılan kompensasiya bizi qane etmir: “Nəyə görə, bu təzə yolun keçdiyi Nardaran-Bilgəhdən onlara 1200 -1300 manat verilir, bizə isə deyirlər ki, sizə 250-300 manat düşür”.
Məsələ ilə əlaqədar ilk olaraq Sabunçu Rayon İcra Hakimiyyətinin Pirşağı qəsəbə nümayəndəliyinə üz tutduq. Rəhbər şəxsləri idarədə tapa bilmədik. Bildirdilər ki, qəsəbə üzrə nümayənda rayon icra hakimiyyətində tədbirdədir. Bundan sonra Sabunçu Rayon İcra Hakimiyyətinə də gəldik. Qurumdan bildirdilər ki, problemdən xəbərdardılar. Ancaq həmin ərazidə evlərin qiymətləndirən komissiyanın tərkibində icra hakimiyyətindən nümayəndə iştirak etmir. O, məsələ birbaşa “Azəryolservis” ASC-nin səlahiyətləri daxilindədir.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevlə də əlaqə saxladıq. O, şifahi olaraq bildirdi ki, həmin ərazidəki 40 evin sahibi kompensasiya ilə razılaşıb. Konpensasiyanın təyin edilməsini isə dövlət tərəfindən ayrılmış müstəqil ekspertlər həyata keçirir. Onlar da bu tip narazılıqlara yenidən baxa bilər. Ölçmə işlərinin düzgün olmadığına gəldikdə isə, qurum rəsmisinin sözlərinə görə, əraziyə yenidən baxış keçiriləcək. Eyni zamanda narazı qalanlar quruma müraciət edə bilər.
DOSTLARINLA PAYLAŞ: