Biləsuvarda yeni gömrük məntəqəsi açılıb
30 Aprel 2010 Cümə 03:00
Biləsuvarda yeni gömrük məntəqəsi açılıb. Açılışda Prezident İlham Əliyev də iştirak edib.
Prezident İlham Əliyev ötən gün Biləsuvarda yeni gömrük buraxılış məntəqəsinin açılışında iştirak edib.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev dövlət başçısına raport verib.

Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və müasir standartlar səviyyəsində tikilmiş yeni gömrük buraxılış məntəqəsi ilə yaxından tanış olub.

Aydın Əliyev dövlət başçısına məlumat verib ki, inşasına 2007-ci ildə başlanmış məntəqənin ümumi sahəsi 40 hektardır. Məntəqənin ərazisində ümumilikdə 8 bina var. Burada 50 nəfər işləyir. Gömrük buraxılış məntəqəsindən gündə 200 avtomobil və 1200 nəfər buraxılır. Ərazidə müvəqqəti saxlanc və anbarlar, yeməkxana, inzibati bina, kinoloji xidmət üçün otaq inşa edilib.

Məntəqədə yük və nəqliyyat vasitələrinin nəzarəti ən müasir tələblər səviyyəsində həyata keçirilir. Burada quraşdırılan xüsusi rentgen aparatı dünyanın ən aparıcı dövlətlərində istifadə edilir. Aparat vasitəsilə istər yük, istərsə də nəqliyyat vasitəsində olan bütün mallar aydın görünür. Bu isə qaçaqmalçılar tərəfindən daşınan yüklərin aşkarlanması ilə yanaşı, həm də gömrük xidmətinə öz işini müasir tələblər səviyyəsində qurmağa imkan yaradır. Gömrük buraxılış məntəqəsi bütün zəruri avadanlıqla tam təmin ediliib.

Diqqətə çatdırılıb ki, burada iki ixrac və iki idxal gömrük nəzarəti xətti var. Gömrük buraxılış məntəqəsində “Bir pəncərə” sistemi tətbiq edilib. Burada yük maliyyə, yol vergiləri şöbələrinin əməkdaşları da çalışır. Sanitar karantin, fitosanitar və baytar nəzarəti xidməti də var. Terminalın ərazisində geniş abadlıq işləri aparılmış, yaşıllıqlar salınıb.

Məntəqənin inzibati binasında nəzarət otağı fəaliyyət göstərir. Burada gömrük yoxlamaları prosesini, habelə terminala daxil olan vətəndaşlar və nəqliyyat vasitələrini izləmək mümkündür.

Prezident İlham Əliyev gömrük buraxılış məntəqəsində kinoloqların təlim prosesini izləyib.

Dövlət başçısı sərnişin xəttində yüklərin yoxlanmasına, Biləsuvar, Samur, “Sınıx körpü”, Astara və Mazımçay sərhəd keçid məntəqələrinin əvvəlki və müasir vəziyyətini əks etdirən fotolara baxıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar