Biləsuvarda kanalizasiya sistemi qurulacaq
11 Oktyabr 2011 Çərşənbə Axşamı 18:26
Biləsuvar və Lənkəran şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin təməlqoyma mərasimi keçirilib.
Biləsuvar və Lənkəran şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin təməlqoyma mərasimi keçirilib. “Azərsu” ASC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, mərasimlərdə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və rayon icra hakimiyyətlərinin başçıları iştirak edib.
Adıçəkilən şəhərlərdə yenidənqurma işlərinin dövlət büdcəsi vəsaiti hesabına həyata keçirildiyini bildirən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov prezident İlham Əliyevin təsdiqlədiyi “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının tərkib hissəsi olan bu layihələr üzrə işlərin 2013-cü ildə başa çatdırılacağını, istehlakçıların dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz olunacaqlarını söyləyib.
“Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” əhali artımınin 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 23 min (mövcud 19,5 min) nəfər üçün hesablanıb. Layihəyə uyğun olaraq şəhərin su təchizatı Kür çayından aparılacaq. Əhalinin dayanıqlı içməli su təminatı məqsədilə 7500 kubmetr həcmində su anbarı və nasos stansiyası tikiləcək. Şəhərdə ümumi uzunluğu 120 km-ə yaxın müxtəlif diametrli paylayıcı su şəbəkəsi və 82 km uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaq və kanalizasiya nasos stansiyası inşa olunacaq. Yaranacaq çirkab suları şəhərin kənarında tikiləcək məhsuldarlığı sutkada 10 min kubmetr olacaq qurğuda təmizlənəcək.
Layihə üzrə tikinti işləri 20 ay ərzində başa çatdırılacaq.
Xatırladaq ki, Biləsuvar şəhəri içməli su ilə Araz çayından ayrılan Əzizbəyov adına kanaldan təmin olunur. Hazırda şəhərin su şəbəkəsinin uzunluğu 52 km-dir, kanalizasiya şəbəkəsi isə yoxdur. “Azərsu” ASC şəhər əhalisinin 60 faizinə xidmət göstərir, qalan əhali isə suyu fərdi qaydada kanallardan götürür.
“Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” isə əhali artımınin 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 61 min (mövcud 50 min) nəfər üçün hesablanıb. Əhalini standartlara uyğun su ilə təmin etmək məqsədilə layihədə yeni texnologiyaya əsaslanan və məhsuldarlığı sutkada 30 min kubmetr olacaq ultrasüzgəcli təmizləyici qurğu inşa olunacaq. Mənbə kimi Xanbulan dəryaçası seçilib.
Layihə çərçivəsində şəhərin dayanıqlı su təchizatının aparılması üçün həcmi 15 min kubmetr olacaq su anbarı, nasos stansiaysı, ümumi uzunluğu 200 km-ə yaxın olan müxtəlif diametrli paylayıcı su şəbəkəsi tikiləcək. Şəhərdə yaranacaq çirkab suların toplanması üçün 180 km uzunluğunda kanalizasiya şəbəkəsinin yaradılması, 8 ədəd kanalizasiya nasos stansiyasının inşası planlaşdırılır. Yaranacaq çirkab sular toplanaraq məhsuldarlığı sutkada 25 min kubmetr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcək və burda təmizlənəcək.
Layihəyə uyğun olaraq Xanbulandan Lənkərana qədər magistral kəmərin keçəcəyi ərazidə yerləşən Xanbulan, Bürcəli, Gərmətük, Sütəmurdov, Aşağı Nüvədi, Şilavar, Digah kəndləri də içməli su ilə təmin olunacaqlar.
Layihə üzrə tikinti işləri 22 ay ərzində başa çatdırılacaq.
Xatırladaq ki, Lənkəran şəhəri içməli su ilə Xanbulan dəryaçasından təmin olunur. Şəhərin su şəbəkəsinin uzunluğu 92 km, kanalizasiya şəbəkəsininsə 28 km-dir. “Azərsu” ASC şəhər əhalisinin cəmi 11 faizinə xidmət göstərir. Bunlar da əsasən bina evlərində yaşayanlardır. Əhalinin qalan 89 faizi isə suyu fərdi qaydada quyulardan götürür.
Məlumat üçün bildirək ki, dünya praktikasında az bulanıqlı suların təmizlənməsi üçün iqtisadi cəhətdən səmərəli və avtomatik idarə oluna bilən ultrasüzgəcli qurğulardan istifadə olunur. Ənənəvi qum filtrlərindən fərqli olaraq, bu tip ultrasüzgəclər suyun tərkibindəki 0,01 mikron ölçüdən böyük hissəcikləri, suda olan bütün zərərli mikrobları və bakteriyaları tutaraq saxlayır. Bununla da suyun təbii mineral tərkibi saxlanılmaqla, onun daha yaxşı təmizlənməsi, xoşagəlməz iy və dadların aradan qaldırılması təmin edilir. Ultrasüzgəcdən keçən su içməyə tam yararlı olur və emal zamanı onun xlordan istifadə etməklə zərərsizləşdirilməsinə ehtiyac qalmır. Burada emal olunacaq su Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: