Biləsuvarda 3-cü şəhid Anar Qarazadə dəfn edildi
04 Avqust 2014 Bazar Ertəsi 18:21
Ağdam cəhbəsində şəhid olan əsgərin dəfn mərasimində çıxış edənlər torpaq uğrunda şəhid olmağı ən ali zirvə hesab etdiklərini deyiblər.
İyulun 31-dən avqustun 1-nə keçən gecə düşmən hücumunu dəf edərkən yaralanan və sonradan dünyasını dəyişən hərbçi əsgər Anar Vidadi oğlu Qarazadə bu gün doğulduğu Biləsuvar rayonunun Nərimankənd kəndində torpağa tapşırılıb.

ANS PRESS-in məlumatına görə, dəfn mərasimində şəhidin doğmaları ilə yanaşı rayon ictimaiyyətinin nümayəndələri, MN-nin rəsmiləri, bütün əlaqədar qurumların səlahiyyətli şəxsləri iştirak edib.

3 ay öncə hərbi xidmətə çağırılan, Ağdam cəhbəsində şəhid olan əsgərin dəfn mərasimində çıxış edənlər torpaq uğrunda şəhid olmağı ən ali zirvə hesab etdiklərini, onların daim elin yaddaşında xatırlanacağını deyiblər.

Bildirilib ki, son 3 gündə bu kəndin 3 igid oğlunun qəhrəmanlıqla şəhid olması vətənə məhəbbətin ali təzahürüdür, Mubariz İbrahimovun davamçılarının günbəgün artmasına subutdur.

Şəhid dəfn olunduqdan sonra hüzn mərasimi doğulduğu evdə davam etdirilib. Millət vəkili Xanhüseyn Kazımlı, MN-nin rəsmisi Abdulla Qurbani və digərləri çıxış edərək şəhidin ruhuna dərin ehtiramlarını ifadə ediblər.

Şəhid anası Şəfəqqət Qarazadə vətən təəsübkeşliyinin oğul itkisindən üstün olduğunu deyib.

Xatırladaq ki, müdafiə nazirinin əmrinə əsasən şəhid Anar Qarazadə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Bu gün Nərimankənddə iki gün öncə şəhid olan Rahil Hüseynovun və Pərvin Əliyevin ailələrinə təltif edildikləri medallar təqdim edilib. Gizir Pərvin Əliyevin təltif olunduğu medal şəhidin oğluna təqdim edildi.

Bu münasibətlə düzənlənən mərasimdə bir daha vurğulandı ki, vətən onu qoruyan oğullarla güclüdür. MN-nin təmsilçisi ölkə başçısı tərəfindən şəhid ailəsinin mənzillə təmin olunduğunu bildirdi. Kəndin daha bir şəhidi, gizir Rahil Hüseynovun yaşadığı evdə də təltif edildiyi medalın təqdim edilməsi münasibəti ilə xüsusi mərasim keçirildi. Şəhidin doğmaları, rayon rəsmiləri çıxış edərək vətən torpağının hər şeydən müqəddəs olduğunu dilə gətirdilər. Medalı alan ailə üzvləri övladları ilə fəxr etdiklərini, lazım gələrsə vətən uğrunda canlarından keçməyə hazır olduqlarını bildirdilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar