Biləcəridə 10 sot torpağa görə, məhkəmə 860 min dollar kompensasiya təyin etdi
10 May 2013 Cümə 11:08
"Azəryolservis" ASC-nin sədri yol tikintisi zamanı kənardakı obyekt və ya evlərin sahiblərinin böyük məbləğdə kompensasiyalar istəməyindən şikayətlənib.
Azərbaycanda avtomobil yollarının genişləndirilməsi işləri zamanı yol kənarındakı obyektlərin köçürülməsinə tikinti işlərindən dəfələrlə artıq vəsait xərclənir. «APA-Economics»in məlumatına görə, bu barədə Nəqliyyat Nazirliyinin «Azəryolservis» ASC-nin sədri Cavid Qurbanov bildirib. Onun sözlərinə görə, məhz buna görə, yolların kənarındakı mühafizə zolağının eni artırılmalıdır ki, gələcəkdə yolların genişləndirilməsi zamanı belə problemlər yaranmasın.
Qeyd edək ki, indiyədək Azərbaycanda yolların mühafizə zolağının eni 25 metr (yolun mərkəzi oxundan hər iki tərəfə 12,5 metr) təşkil edirdi. Lakin C.Qurbanov bildirib ki, bu normalar ölkədə davam edən yol tikintisi prosesinə və yeni yolların eninə uyğun gəlmir. Çünki hazırda ölkədə bəzi yolların eni 40, hətta 60 metrə çatır. Buna görə də Milli Məclisdə müzakirə edilən «Avtomobil yolları haqqında» qanuna planlaşdırılan dəyişikliklərə əsasən, mühafizə zolağının eninin 50 metrədək artırılması nəzərdə tutulur.
«Azəryolservis» rəhbəri bildirib ki, yolun qorunma zolaqlarının böyüdülməsi vacib məsələyə çevrilib. Çünki bəzən yolun özünə çəkilən xərc yolun kənarındakı kommunikasiyaların, evlərin və obyektlərin köçürülməsinə çəkilən xərcdən qat-qat artıq olur: «Bəzən köçürülmə işlərinə tikinti işlərindən 20 dəfə artıq pul xərclənir».
C.Qurbanov yol tikintisi zamanı kənardakı obyekt və ya evlərin sahiblərinin böyük məbləğdə kompensasiyalar istəməyindən də şikayətlənib: «Sahibkar bildirir ki, mənim obyektimin qiyməti 1 milyondur. Elə hallar olur ki, bununla bağlı məhkəmələrdə aylarla çəkişmə gedir». Öz növbəsində məhkəmələr də belə obyektlər üçün böyük məbləğdə kompensasiya təyin edirlər. C.Qurbanov bildirib ki, bir qədər əvvəl Biləcəri qəsəbəsində yol tikintisi zamanı sahibkardan alınan 10 sot torpağa görə, məhkəmə 860 min dollar kompensasiya təyin edib: «Təsəvvür edin ki, şəhərin mərkəzində deyil, Biləcəri qəsəbəsindəki torpaq sahəsi, içərisində də heç bir tikili yoxdur. Biz bunu hansı qiymətlə ödəməliyik?».
C.Qurbanov bildirib ki, belə hallarda məhkəmələrin qərarını dəyişdirmək asan olmur: «Bu qərardan yuxarı instansiyalara şikayət verəndə onlar da ilkin qərara baxıb bir-biri ilə tərəfdaşlıq edirlər. Bütün bunlara görə, yolların mühafizə zolağının eni artırılmalıdır ki, gələcəkdə belə hallar yaranmasın».
DOSTLARINLA PAYLAŞ: