Türkiyə ərazisində hərəkət edən siklonun Azərbaycandan keçməsi nəticəsində martın 15-də qərb rayonlarından başlayaraq, hava şəraiti dəyişib, 15-də axşam, 16-da əksər rayonlarda yağış yağıb, dağlıq ərazilərdə qara keçib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva
APA-ya bildirib ki, qar örtüyünün hündürlüyü Daşkəsəndə 20, Gədəbəydə 11, Altıağacda 5 sm olub. Ən çox yağıntı Oğuza (16 mm), Daşkəsən və Şamaxıya (15 mm), Mərəzəyə (11 mm), Kürdəmirə (10 mm) düşüb. Şimal-qərb küləyi Bərdə və Yardımlıda 23 m/san, Biləsuvar və Tərtərdə 22 m/san, Ceyrançöldə 19 m/san, Ağstafa və Zərdabda 18 m/san, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 18-23 m/s.dək güclənib.
U. Tağıyeva bildirib ki, martın 17-də də ölkə ərazisində qeyri-sabit, nisbətən soyuq hava şəraitinin davam edəcəyi gözlənilir. Əksər rayonlarda fasilələrlə yağıntı, Aran rayonlarında yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq. Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 6-9, Aran rayonlarında gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
Martın 17-18-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün əsasən əlverişli sayılır. Martın 19-da isə atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyinin əsməsi ürək-damar xəstəlikləri olan meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.