Bəzi rayonlarda qısamüddətli yağış yağacaq, dolu düşəcək
13 İyul 2011 Çərşənbə 11:56
Bakı və Abşeron yarımadasında iyulun 14-də hava az buludlu olacaq, yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 31-36, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.
İyulun 15-də isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 30-35 dərəcə isti olacağı proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında iyulun 14-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.
İyulun 15-də bölgələrdə hava əsasən yağmursuz olacaq. Lakin həmi gün axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı da var, şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir. APA
DOSTLARINLA PAYLAŞ: