Beynəlxalq İslam Konfransı gələn il Bakıda keçiriləcək
24 Avqust 2011 Çərşənbə 12:43
Bu barədə Qroznıda keçirilən konfransda qərar qəbul edilib
Beynəlxalq İslam Konfransı gələn il Bakıda keçiriləcək. Qərar bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin iştirakı ilə Rusiya Federasiyası Çeçenistan Respublikasının paytaxtı Qroznıda keçirilən konfransda qəbul edilib. ANS TV-nin Qroznıya ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, konfrans artıq bu səhər başa çatıb.

Qroznı artıq 3-cü dəfəydi ki, Beynəlxalq İslam Konfransına ev sahibliyi edirdi. Hər il ənənəvi olaraq Çeçenistanın birinci prezidenti Əhməd Kadırovun 60 illiyinə həsr olunan bu dəfəki konfransda da müxtəlif İslam ölkələrindən dini konfessiyaların rəhbərləri təşrif buyurmuşdu. "Sufizmin İslamda yeri və rolu" adlı konfransda çıxış edən bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə ilk olaraq konfransın miqyasının genişləndirilməsi istiqamətində təkliflərini irəli sürdü:

"Bu konfransın mahiyyətini təkcə Qroznıda deyil, Azərbaycan, Türkiyə və başqa-başqa ölkələrdə inkişaf etdirməliyik. O təriqətlər ki, bu gün İslama dinininə uyğun deyil və laqeyddir. Bu konfrans vasitəsilə bir daha göstərdik ki, onlar düzgün yolda deyillər. Onları da düzgün yola çağırırıq".

Daha sonra bütün Qafqazın şeyxi Azərbaycan prezidenti İlham Əliyevin məktubunu iştirakçılara oxudu. Məktubda Çeçenistanın son illər ərzində çiçəkləndiyi və bütün sahələrdə xüsusən dini-mənəvi sahədə gücləndiyi göstərilir.

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov öz növbəsində Azərbaycan rəhbərliyinə göstərilən diqqətə görə təşəkkür edib:

"Azərbaycan rəhbərliyi tərəfindən bizə göstərilən diqqət təqdirəlayiqdir və beynəlxalq konfransda İlham Əliyevin iştirakçılara ünvanlanan məktubu bunu bir daha sübut edir. Qoy, Allah bizim bütün günahlarımızı bağışlasın. Bizi birləşdirsin və imanımızı gücləndirsin. Azərbaycan və Rusiya dövlətləri həmişə güclü olsun. Qoy, Qafqazda həmişə sülh və əmin-amanlıq olsun. Müharibə olmasın və iqtisadiyyat güclənsin".

Qeyd edək ki, toplantı çərçivəsində Çeçenistanın I prezidenti Əhməd Kadırovun 60 illiyi ilə əlaqədar Qudermesdə 2 məscid və bir mədrəsənin açılışı da olub. Hacı Allahşükür Paşazadə Çeçenistan rəhbəri ilə birlikdə Qudermesdə açılan məscidlərin birində namaz da qılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar