Bəxtiyar Hacıyevə cinayət işi açıldı
14 Aprel 2014 Bazar Ertəsi 17:54
Gənc fəal Bəxtiyar Hacıyev müstəntiqdən imtinanın səbəbini ANS PRESS-ə açıqladı.
Müsbət Dəyişikliklər Hərəkatının təsisçisi Bəxtiyar Hacıyevə qarşı cinayət işi açılıb.

Gənc fəal ANS PRESS-ə verdiyi açıqlamada bildirib ki, Türkiyə vətəndaşının şikayəti əsasında ona qarşı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb:

"Məndən şikayətçi olanlar türk iş adamı Nurettin Eres və onun həyat yoldaşı Məlahət Əhmədovadır. Bu adamlar müxtəlif şəxslərdən böyük miqdarda borc pul alıblar. Məndən də 30 min manat alıblar. Bakıda "Fənərbaxça" Futbol Klubunun məktəbini açıblar. Pulun qaytarılacağına zəmanət kimi və ölkədən çıxmayacağına təminat vermək üçün bu ilin yanvarında pasportunu mənə verib, ancaq başqa sənədlə ölkəni tərk edib. Pasportunu könüllü verdi. İndi də aktrisa həyat yoldaşı polisə şikayət edib ki, ərimə qarşı zor tətbiq ediblər, sənədlərini güclə əlindən alıblar. Şikayət polis idarəsinə bir neçə gün əvvəl verilməsinə baxmayaraq dərhal cinayət işi açıblar. Görünür, Azərbaycanda Türkiyə vətəndaşı daha hörmətli sayılır. Bütün bunlar mənə qarşı təzyiqdir. Yəqin bu şikayətdən də istifadə etməyə çalışırlar".

Bəxtiyar Hacıyev müstəntiq Elnur Məmmədyarovdan imtina etdiyini də sözlərinə əlavə etdi: “İfadə verməyə gəlmişəm, görürəm suallar da, cavablar da yazılıb. Deyirəm, mənim yerimə niyə cavab yazırsınız? Deyirlər, vaxtına qənaət etmək üçündür bunlar. Sual-cavabları da şikayətçilərin izahatı əsasında hazırlamışdılar. Ona görə, müstəntiqdən imtina etdim".


DOSTLARINLA PAYLAŞ:

oyunlar