Ölkə

Bələdiyyə seçkiləri başa çatdı

Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermə başa çatıb. APA-nın məlumatına görə, bu gün saat 08.00-da başlayan səsvermə saat 19.00-da yekunlaşıb.

· Xəbərçi
Bələdiyyə seçkiləri başa çatdı
Məntəqələr bağlandıqdan sonra səslərin sayılmasına başlanıb. Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin nəticələrini iki günə elan edəcək.

118 seçki dairəsinin 4813 seçki məntəqəsində keçirilən səsvermədə 1718 bələdiyyəyə 15 682 üzv müəyyənləşməlidir. Ölkə üzrə bələdiyyələrə 31 min 861 nəfərin namizədliyi irəli sürülüb. Namizədlər 16 siyasi partiyanı, bitərəfləri və təşəbbüs qruplarını təmsil edib.

Səsvermədə seçicilərin fəallığı ilə bağlı gün ərzində 4 dəfə MSK tərəfindən ictimaiyyətə məlumat verilib. Sonuncu məlumatda bildirilir ki, saat 17.00-a səsvermədə seçicilərin 28.51 faizi iştirak edib. Seçici fəallığı ilə bağlı MSK-nın son olaraq daha bir məlumat açıqlayacaq.

Qeyd edək ki, seçkiləri izləmək üçün 50 minə yaxın müşahidəçi qeydə alınıb. Onların 48 388-i DSK-larda, 1160-ı isə MSK-da qeydiyyatdan keçib. Prosesi izləmək üçün 52 beynəlxalq müşahidəçi qeydə alınıb. Media nümayəndələri səsvermə prosesini sərbəst izləyiblər.

Onu da qeyd edək ki, bu, Azərbaycanda sayca üçüncü bələdiyyə seçkiləridir. Birinci bələdiyyə seçkiləri 1999-cu, ikinci bələdiyyə seçkiləri isə 2004-cü ildə keçirilib. APA

Şərhlər