BDU akademiki Bəhram Əsgərov vəfat etdi
12 Mart 2014 Çərşənbə 10:14
“Şöhrət” ordenli Bəhram Mehrəli oğlu Əsgərov bu gün səhər saatlarında dünyasını dəyişib.
Bakı Dövlət Universitetinin Bərk cisimlər fizikası kafedrasının müdiri, Azərbaycan Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, prezident təqaüdçüsü, “Şöhrət” ordenli akademik Bəhram Mehrəli oğlu Əsgərov bu gün səhər saatlarında vəfat edib.
BDU-nun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 81 yaşlı akademik B.M.Əsgərov 1933-cü il oktyabrın 5-də Tovuz rayonunun Əhmədabad kəndində anadan olub. 1952-ci ildə indiki BDU-nun fizika-riyaziyyat fakültəsinə daxil olub, 1957-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək AMEA-nın Fizika İnstitutunun aspiranturasına daxil olub. 1962-ci ildə namizədlik, 1971-ci ildə doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alıb. 1972-ci ildən professordur.
1960-1966-cı illər Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi olan B.Əsgərov 1966-cı ildən BDU-da çalışıb. 1966-1971-ci illərdə BDU-nun "Molekulyar fizika" kafedrasının dosenti işləyib. 1971-ci ildən ömrünün son gününədək onun təşəbbüsü ilə yaradılmış Bərk cisimlər fizikası kafedrasının müdiri, 1994-cü ildən 2004-cü ilədək BDU-nun elmi işlər üzrə prorektoru vəzifəsində çalışıb.
Akademik B.Əsgərov 5 monoqrafiyanın, bir neçə dərslik və dərs vəsaitinin, Rusiyada, Amerikada, Yaponiyada və bir sıra digər xarici ölkələrdə nəşr edilən nüfuzlu elmi jurnallarda dərc olunmuş 170 məqalənin müəllifidir. Rəhbərliyi altında 15 elmlər namizədi və dörd elmlər doktoru yetişib.
B.Əsgərov 2000-ci ildə Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülüb. 2001-ci ildə "Fizika" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həmin ixtisas üzrə həqiqi üzvü seçilib. 2004-cü ildə Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilib. 2009-cu ildə prezident təqaüdünə layiq görülüb.
DOSTLARINLA PAYLAŞ: