Ekspert: "Torpaq sürüşməsinin qarşısını almaq üçün görülən işlər gözlənilən nəticəni verməyəcək".
Seysmik zonada yerləşən Bayıl yamacında 1996 və 2000-ci illərdə torpaq sürüşmələri qeydə alınıb. Yerli icra orqanları isə torpaq sürüşməsinin qarşısını almaq əvəzinə, təəssüflər ki, bu prosesin intensivləşməsinə bir az da təkan verdilər. Vəziyyəti ağırlaşdıran məsələlərdən biri də Sovet dövründə ərazidə əkilən şam ağaclarının kökündən çıxarılmasıdır. Bu işə rəvac verənlər yaşıllığa ziyan vurmaqla yanaşı, torpağın bərkiməsinin də qabağını aldılar. ANSPRESS
Halbuki hələ 2002-ci ildə, ANS Şirkətlər Qrupunun “İlin adamı” mükafatının təqdimetmə mərasimində Heydər Əliyev bildirmişdi ki, həmin yerlərdən sakinlərin köçürülməsi planlaşdırılsa da, yerli icra orqanları oraları boşaltmaq əvəzinə, qanunsuz evlər tikirlər.
Avqustun 17-də Bayıl yamacında baş verən sonuncu torpaq sürüşməsi bir daha bizi bu problem haqqında ciddi düşünməyə məcbur edir. Həmin ərazidə yaşayan sakinlər isə daha çox narahatdır. “Sürüşmənin əsas səbəbi yamacın ətəyindəki tikilən tikintilərdir. Bilirlər ki, bura sürüşmə zonasıdır. Amma yenə də torpağı dağıdırlar, deşirlər. Milləti düşünən yoxdur. Hərə öz qazancını güdür”, - deyə Sahin Muradov adlı Bakı sakini şikayətlənib.
Qeyd edək ki, dövlət rəsmiləri məsələ ilə əlaqədar elə də ciddi problem olmadığını bildirirlər. Baş nazirin müavini Abid Şərifov hadisəni bu dərəcədə şişirtməməyi məsləhət bilir. Onun fikrincə, Bayıl yamacındakı torpaq sürüşməsinə yamac ətrafındakı tikililər səbəb ola bilməz. Dövlət rəsmisi bunu sadəcə təbii amillərlə bağlayır. O, jurnalistlərə açıqlamasında problemin aradan qaldırılması istiqamətində işlərin getdiyini vurğulamışdı.
Ekspertlər isə hesab edir ki, seysmik zonada yerləşən ərazilərdə tikinti işlərinin aparılması yolverilməzdir. Sovet dövründə Sənaye Tikinti Nazirliyində çalışan mühəndis-geoloq Vaqif Behbudoğlu ANS PRESS-ə açıqlamasında Bayıl yamacında torpaq sürüşmələrini sürətləndirən amilləri tikinti işlərilə əlaqələndirdi: “Azərbaycanda yeni dağ əmələgəlmə prosesi gedir. Ona görə də, Bayıl yamacında torpaq sürüşmələri baş verir. Lakin prosesi sürətləndirən amillərdən biri yamacın ətrafında tikinti işlərinin aparılmasıdır. Sürüşmə olan dağ yamaclarının dibləri qazılmamalıdır. Tikinti zamanı fundamentlərin qazılması nəticəsində torpaq boşalır. Yamac dibləri qazıldıqda, qrunt deformasiyaya uğrayır, ağırlıq mərkəzi dəyişir. Bu səbəbdən də torpaq sürüşmələri intensivləşir”.
Ekspertin fikrincə, belə yamaclarda qruntu çox yükləmək olmaz. Çünki onun öz müvazinəti var. Ona insane tərəfindən müdaxilə olarsa, təbii tarazlıq pozular.
Sakinlər isə hesab edir ki, torpaq sürüşmələrini intensivləşdirən amillərdən biri də kanalizasiya tullantılarının birbaşa torpağa axıdılmasıdır. Lakin Vaqif Behbudoğlu bunu real saymır. Ekspert onsuzda ərazidə təbii prosesin getdiyini söyləyir. Bu üzdən də Bayıl yamacında hündürmərtəbəli binaların tikintisinin yanlış olduğunu deyir.
Vaqif Behbudoğlunun fikrincə, hazırda torpaq sürüşməsinin qarşısını almaq üçün görülən işlər gözlənilən nəticəni verməyəcək.
Ekspert təbii prosesin qarşısını almaq üçün yalnız bir çıxış yolunun olduğunu düşünür: “İndi görülən təmir-bərpa işlərinin heç bir əhəmiyyəti yoxdur. Bakının çıxacağından, yolun sağ tərəfindən 20 metr dərinliyində svaylar vurulmalıdır. Yəni torpaq qazılmalı və yamacın dibinə dəmir beton vurulmalıdır. Svaylar arasında da məsafə təxmini 1 metr olmalıdır”.