Bayılda kütləvi söküntülər başladı
14 Aprel 2014 Bazar Ertəsi 22:50
Şahmat Sarayının tikintisi ilə əlaqədar Bayılın mərkəzindən “20-ci sahə”yə qədər olan yolun kənarındakı evlər sökülüb.
Azərbaycana 1 milyon avroya başa gələcək yarışma ilə bağlı tikinti layihələri həyata keçirilir.

Azərbaycan idman tarixi ərzində ən nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməyə hazırlaşır. 2015-ci ildə şahmat üzrə Dünya Kuboku və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadası paytaxt Bakıda keçiriləcək.

Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən verilən xəbərə görə, artıq hazırlıq işlərinə başlanılıb.

Bakının yarışı layiqli şəkildə qarşılaması üçün hazırda Bayılda Şahmat Sarayı tikilir. Sarayın tikintisi ilə əlaqədar Bayılın mərkəzindən “20-ci sahə”yə qədər olan yolun kənarındakı evlər sökülüb. Sakinlərdən verilən məlumata görə, dövlət əhəmiyyətli layihəyə görə, 60-a yaxın ev plana salınaraq sökülüb. Sakinlər, həmçinin bildirdilər ki, sökülən evlərinin hər kvadratına 1500 manat kompensasiya alıblar.

Məlumat üçün bildirək ki, Bakıda Şahmat Olimpiadasının keçirilməsi ilə bağlı Beynəlxalq Şahmat Federasiyasının Türkiyənin İstanbul şəhərində keçirilən 83-cü konqresində qəbul olunan qərarından sonra bu ilin fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Baş nazirin birinci müavini Yaqub Eyyubov Təşkilat Komitəsinin sədri təyin olunub.

Təşkilat Komitəsinə nazirlər, komitə, xidmət sədrləri, Şahmat Federasiyasının prezidenti və vitse-prezidentləri daxildir. Komitəyə beynəlxalq yarışların keçirilməsi ilə bağlı xüsusi Tədbirlər Planını hazırlayıb icrasını təmin etmək tapşırılıb. Yüksək səviyyədə təşkil olunacaq Olimpiadaya dövlət səviyyəsində təminat veriləcək. Gənclər və idman naziri Azad Rəhimov mətbuata açıqlamasında dövlətin Şahmat Olimpiadası üçün 1 milyon avronu ödəmək imkanı olduğunu bildirib.

Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı Olimpiya şəhərciyi Bayılda sökülən evlərin yerində tikiləcək.

Bayıldakı tikinti bumu təkcə bununla kifayətlənmir. Hazırda bu ərazidə yeni yol bağlantıların və piyada keçidinin tikintisi aparılır. Ümumilikdə həmin ərazidə 5 yol bağlantısının olması nəzərdə tutulub. Onların uzunluğu 5711 metr təşkil edəcək. Bağlantılardan biri 3 zolaqlı, biri 6 zolaqlı, qalan üçü isə 4 zolaqlı olacaq. Yeni yaradılacaq bağlantıların üçü vasitəsilə Su İdman Sarayına giriş və çıxış mümkün olacaq. Həmin ərazidə eyni zamanda bir neçə gündür yeni yeraltı piyada keçidinin tikintisi aparılır. Keçidin uzunluğu 100 metr, eni 8 metrdir, hündürlüyü isə 4 metr təşkil edəcək.

Qeyd edək ki, hazırda suvay vurma, eyni zamanda ərazidə kommunikasiya xətlərinin köçürülməsi işləri gedir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar