Bayıl qəsəbəsində sənədli evlərin sökülməsinə qərar verilib
17 Avqust 2011 Çərşənbə 13:00
Məhkəmə Bayılda II Salyan döngəsində evlərin sökülməsi barədə qətnamə çıxarıb
Bakı şəhəri Bayıl qəsəbəsi II Salyan döngəsində sənədli evlərin sökülməsinə qərar verilib. Özü də evlər sahibləri tərəfindən sökülməlidir.
Sakinlər sökülən evlərinin əvəzində onlara kompensasiya, yaxud ev verilməməsindən, həmçinin onların daimi pasport qeydiyyatlarının məhkəmə tərəfindən ləğv olunmasından və məhkəmə tərəfindən onlara öz evlərini sökərək, tərk etmələrinin tələb olunmasından şikayətlənirlər. Deyirlər ki, “evlərimizi sökməyə hazırlaşırlar, biz isə bilmirik ki, bundan sonra harada yaşayacağıq?”.
Sakinlərin fikrincə, onların mənzil hüquqları kobud şəkildə pozulur. Uzun illərdən bəri qanuni şəkildə pasport qeydiyyatında olduqları və şəxsi mülkiyyətlərində olan evlərini Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) məhkəmə vasitəsilə sökməyə hazırlaşır. Onlara bu barədə məhkəmə qərarları da göndərilib və onların pasport qeydiyyatları ləğv olunub.
“Evimdə oturduğum yerdə qəfildən məhkəmədən belə bir kağız gəlib ki, evindən çıx. Qərar qəbul olunub. Məhkəmə qərar verib ki, evi sökün. Bəs biz evdən çıxıb harada yaşamalıyıq?”, - deyə sakin Anya Quliyeva şikayətənib.
Məsələ ilə əlaqədar ARDNŞnin mətbuat xidmətindən bildirdilər ki, II Salyan döngəsindəki evlər qanunsuz və sökülməlidir.
Qeyd edək ki, sakinlərin şikayətlərinə ali məhkəmədə aydınlıq gətiriləcək.
DOSTLARINLA PAYLAŞ: