Baş Prokurorluq məktəblərin tikintisində yol verilən qanun pozuntularını araşdırır
14 İyul 2011 Cümə Axşamı 23:29
Xəzər rayonunun 123 və Suraxanı rayonunun 85 saylı məktəblərinin tikintisi zamanı bir sıra ciddi qanun pozuntuları aşkar edilib.
Azərbaycanın Baş Prokurorluğu məktəblərin tikintisi zamanı yol verilən qanun pozuntuları ilə əlaqədar araşdırmalara başlayıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, ölkə başçısı İlham Əliyevin təhsil sahəsinin inkişaf etdirilməsi, müasir tələblərə cavab verən orta ümumtəhsil məktəblərinin inşası, habelə köhnə məktəblərin müasir standartlara uyğun şəkildə təmir edilməsi istiqamətində verdiyi göstərişlərin icrası ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilib.
Son dövrdə Bakı şəhərinin və qəsəbələrin sosial-iqtisadi inkişafı məqsədilə dövlət büdcəsindən ayrılan vəsait hesabına yeni orta məktəblər tikilib, köhnə məktəb binaları əsaslı təmir olunub. Lakin bir sıra hallarda məktəblərin tikintisi və təmiri zamanı sui-istifadə hallarına yol verilməsi, standartlara uyğun olmayan və mövcud normaların tələbləri pozulmaqla tikinti işlərinin aparılması hallarına rast gəlinir.
Dövlət başçısı İlham Əliyevin göstərişi əsasında bu faktlar üzrə Respublika Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin və Maliyyə Nazirliyinin əməkdaşlarının birgə iştirakı ilə başlanılmış araşdırma zamanı Xəzər rayonunun 123 və Suraxanı rayonunun 85 saylı məktəblərinin tikintisi zamanı bir sıra ciddi qanun pozuntuları aşkar edilib.
E. Sultanov qeyd edib ki, hazırda araşdırma davam etdirilir, qısa müddətdə yekunlaşdırılaraq, müvafiq tədbirlər görüləcək və bu barədə ictimaiyyətə məlumat verəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: