Baş Prokurorluq "Azadlıq" qəzetini təkzib etdi
18 Dekabr 2009 Cümə 21:20
Dövlət qurumu qəzetin “MTN polis rəisini həbs etdi” başlıqlı məqaləsi ilə bağlı məlumat yayıb
Bu gün Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti “Azadlıq” qəzetinin 18 dekabr 2009-cu il tarixli sayında “MTN polis rəisini həbs etdi” başlıqlı məqaləsi ilə bağlı məlumat yayıb. Prokurorluğun məlumatında bildirilir ki, həmin məqalədə Kürdəmir rayon Polis Şöbəsinin rəisi Mehdi Hümbətovun Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həbs edilməsi, onun Tərtər rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Zabil İsmayılovun qətlini sifariş verməkdə təqsirləndirilməsi barədə verilən informasiyalar həqiqətə uyğun deyil.

"Bununla əlaqədar bildiririk ki, Mehdi Hümbətov heç bir hüquq - mühafizə orqanı tərəfindən həbs olunmayıb və onun barəsində cinayət işi başlanılmayıb", - deyə məlumatda vurğulanıb.

Bundan başqa, Baş Prokurorluq tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, Tərtər rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Zabil İsmayılovun 6 sentyabr 1996-cı il tarixdə qəsdən öldürülməsi faktı üzrə aparılmış istintaqla cinayətin həmin şöbənin polis nəfəri Azər Mustafayev tərəfindən aralarında baş vermiş şəxsi münasibətlər zəminində törədilməsi təkzibedilməz dəlillərlə tam sübuta yetirilib.

A.Mustafayevə 01.09.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı bəndi ilə ittiham elan olunmaqla cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün 10 dekabr 1997-ci il tarixdə Ali Məhkəməyə göndərilib. Məhkəmənin 2 fevral 1998-ci il tarixli hökmü ilə Azər Mustafayev 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar