Azərbaycan Respublikası Baş Prokurorluğu Gəncə şəhərində bir neçə yüksək vəzifəli şəxsin istintaqa cəlb edilməsi barədə məlumatları təkzib edib. Prokurorluğun yaydığı bəyanatda deyilir ki ,“Azəri-Press” İnformasiya Agentliyinin (APA) iyunun 8-də yaydığı “Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini, keçmiş polis rəisi və daha bir neçə yüksək vəzifəli şəxs istintaqa cəlb olunub” başlıqlı məlumat həqiqətə uyğun olmadığından Baş Prokurorluq tərəfindən təkzib olunur.
"Belə ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əməkdaşlarının yaxından köməyi ilə həyata keçirdikləri tədbirlərlə 2003 və 2004-cü illərdə Gəncə şəhər sakini Şöhrət Quliyevin sifarişi ilə törədilmiş iki ağır cinayətin - Bakıdakı “Sədərək” Ticarət Mərkəzində çilçıraq satışı ilə məşğul olan Bakı şəhər sakini Əhməd İbrahimov və Gəncə şəhər sakini Kamal Ələkbərovun odlu silahla qəsdən öldürülmələri cinayətlərinin üstünün açılması barədə cari ilin may ayının 29-da birgə məlumat yaymışdı.
Məlumatda aparılmış istintaqla Şöhrət Quliyev, İlham Şabanov və Mehman Qəhrəmanovun törətdikləri cinayət əməllərinin tam sübuta yetirilməsi və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi, həmçinin cinayətkar qrupun üzvlərinin digər cinayətlərdə iştirakının olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi barədə bildirilib.
İş üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirildiyi bir vaxtda, APA qeyri-rəsmi mənbələrə istinad etməklə Gəncə şəhərində bir neçə vəzifəli şəxsin istintaqa cəlb edilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayıb.
Sensasiya xatirinə yazılmış həmin məlumat peşə etikasına riayət edilmədən, real faktlara söykənmədən hazırlanmış və jurnalistikanın nüfuzuna xələl gətirməklə cəmiyyətdə çaşqınlıq yaranmasına xidmət edir".
Bununla əlaqədar olaraq prokurorluq tərəfindən APA-nın rəhbərliyinə, fəaliyyətlərində söz azadlığından sui-istifadə etmək xəttini əsas götürən əməkdaşlarından gələcəkdə həqiqətə uyğun olmayan məlumatların yayılmasına son qoymaları barədə xəbərdarlıq məktubu göndərilib.
Bu kimi halların təkrarlanmaması məqsədilə, bütün KİV nümayəndələrindən “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında” qanunların, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən digər qanunvericilik aktlarının tələblərinə riayət etməklə həqiqətə uyğun olmayan və cinayət işlərinin istintaqına mane ola biləcək məlumatların yayılmaması üçün diqqətli olmaları xahiş olunur. /ANS PRESS/