Baş Prokurorluğun Korrupsiya ilə Mübarizə İdarəsinin səlahiyyətləri genişləndirilib
18 Mart 2011 Cümə 15:41
İdarəyə əməliyyat-axtarış tədbirləri görmək hüququ verilib.
Milli Məclis qanunvericiliyə dəyişikliklər edərək Baş Prokurorluğun Korrupsiya ilə Mübarizə İdarəsinin səlahiyyətlərini genişləndirib. Parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuq Komitəsinin sədri Əli Hüseynovun sözlərinə görə, “Əməliyyat axtarış fəaliyyəti” və “Prokurorluq haqqında” qanuna edilən dəyişikliklərdən sonra prokurorluğun Korrupsiya ilə Mübarizə İdarəsinə əməliyyat-axtarış tədbirləri görmək hüququ verilib. Əməliyyat-axtarış tədbirləri zamanı qanunun yerinə yetirilməsinə nəzarət hüququ respublikanın baş prokuroruna verilib.

Xatırladaq ki, Baş Prokurorluğun Korrupsiypa ilə Mübarizə İdarəsi prezidentin sərəncamı ilə 2004-cü ilin martın 3-də yaradılıb. Dövlət başçısının bu ilin martın 12-də imzaladığı sərəncamla idarənin işçilərinin sayı 40-dan 100 nəfərə qədər artırılıb. İdarə rəisi Kamran Əliyev bildirib ki, rəhbərlik etdiyi qurum 70 cinayət işinin istintaqını aparır.

“Azərbaycan Respublikası baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İradəsində hazırda 70 cinayət işinin istintaqı aparılır. İlin əvvəlindən 30 şəxs barəsində 16 cinayət işi baxılmaq üçün məhkəmələrə göndərilib. İdarə yaranandan bu günə kimi, ümumilikdə 385 cinayət işi üzrə ibtidai istintaq aparılıb, 1698 şəxs barəsində cinayət işi məhkəmələrə göndərilib”, - deyə o bildirib.

Onun sözlərinə görə, Baş Prokurorluğun “Qaynar xətt”inə ilin əvvəlindən bu günə kimi 747 müraciət daxil olub. Qaldırılan cinayət işlərinin arasında bələdiyyələr, sosial təminat, əmlak məsələləri və digər bu kimi sahələrlə bağlı olan işlər üstünlük təşkil edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar