Banqkokda Beynəlxalq Antikorrupsiya Konfransı keçirilib
23 Noyabr 2010 Çərşənbə Axşamı 15:20
Azərbaycandan konfransda bir sıra QHT rəhbərləri iştirak edib
Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun maliyyə dəstəyi ilə Tailandın paytaxtı Banqkokda 14-cü Beynəlxalq Antikorrupsiya Konfransı keçirilib. İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) İctimaiyyətlə əlaqələr departamentindən ANS PRESS-ə verilən məlumata görə, konfransda Azərbaycanı İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) İdarə Heyətinin sədri Qubad İbadoğlu, həmçinin Korrupsiyaya qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin üzvləri Əliməmməd Nuriyev, Sahib Məmmədov və Samir Əlibəyov, İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri İradə Cavadova, həmin təşkilatın İdarə Heyətinin üzvü Natəvan Rüstəmova, Qadın Hüquqşünaslar Forumunun təsisçisi Ləman Cavadzadə təmsil ediblər.

Konfrans antikorrupsiya təşəbbüsləri baxımından dünyanın ən böyük tədbiri hesab edilir və dünyanın aparıcı beynəlxalq qurumları tərəfindən dəstəklənir. İki ildən bir keçirilən bu konfransda 135-dən çox ölkədən 1200-ə qədər nümayəndə bir araya gəlib.

Tailand şahzadəsi Saomsavalinin açılış nitqi söylədiyi konfransda Dünya Bankının icraçı direktoru, Asiya İnkişaf Bankının prezidenti, “Amnesty İnternational” təşkilatının baş katibi, OECD-nin baş katibi, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü İdarə Heyətinin sədri, Gəlirlərə Nəzarət İnstitutunun direktoru, Dünya Gömrük Təşkilatının baş direktoru və digər tanınmış şəxslər məruzələrlə çıxış ediblər.

Konfransda qlobal şəffaflığa nail olunması üçün 5 istiqamətdə - sülh və təhlükəsizlik, təbii resurslar və enerji bazarı, iqlim idarə edilməsi, korporativ sahədə hesabatlılıq və institutlarda etimadın bərpası ilə bağlı müzakirələr aparılıb. 50- dən çox sessiyada dövlət və özəl sektorda korrupsiyaya qarşı fəaliyyət göstərilməsi üçün təzyiqin artırılması yolları araşdırılıb. Müzakirələrin sonunda konfransın yekun bəyannaməsi qəbul edilib. Beynəlxalq Antikorrupsiya Konfransının Şurası bu qənaətə gəlib ki, korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolu kifayət qədər qiymətləndirilmir.

Şura BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının hələ də bir çox ölkələr tərəfindən ratifikasiya edilməməsinin təəssüf doğuran hal olduğunu da vurğulayıb. Bu Konvensiya 2005-ci ildə qəbul edilib və cinayətkarlıq və korrupsiyanın qarşısının alınması, beynəlxalq əməkdaşlıq, habelə çirkli pulların yuyulmasına qarşı mübarizəni nəzərdə tutur. Beynəlxalq Antikorrupsiya Konfransının Şurası iştirakçı dövlətlərə korrupsiyanın bütün formalarının qarşısını almaq üçün siyasi iradənin gücləndirilməsi və iqtisadiyyatın özəl sektorunda şəffaflığın artırılmasına nail olunması istiqamətində fəaliyyət göstərilməsini tövsiyə edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar