Bakıya 600 taksi gətirilə bilər
19 Sentyabr 2009 Şənbə 10:20
Hazırda "Mercedes-Benz", "Hyundai" və "Kia" ilə danışıqlar aparılır
Bu ilin sonuna kimi Azərbaycana taksi xidməti üçün komplektləşdirilmiş 600 minik avtomobili gətirilə bilər. Yaxın illərdə Nəqliyyat Nazirliyi (NN) taksi parkını Avropa standartlarına cavab verən müasir avtomobillərlə yeniləməyi planlaşdırır. Avtomobil almaq üçün "Mercedes-Benz" (Almaniya), "Hyundai" və "Kia" (Koreya Respublikası) ilə danışıqlar aparılır. "Hansı şirkətin seçiləcəyi danışıqlardan asılıdır", deyə nazirliyin katibliyinin rəhbəri Namiq Həsənov Turan-a bildirib.
Azərbaycanın özəl şirkətləri tərəfindən danışıqları "Avtoneqliyyatservis" MMC-nin təmsilçiləri aparır. "Dövlət avtomobil alışının maliyyələşdirilməsinə qarışmır. Bizim vəzifəmiz taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması işini koordinasiya etməkdir", - deyə NN-in təmsilçisi bildirib.
Həsənov sayğac qoyulub sərnişinə kassa çeki verilməsi yolu ilə ödəniş sisteminin tətbiqi barədə suala cavab verməkdə çətinlik çəkdi.
NN-in mütəxəssislərinin hesablamasına görə, Bakı əhalisinin və şəhərin qonaqlarının yüksək taksi xidmətinə ehtiyacının ödənməsi üçün təxminən 3000 avtomobil lazımdır. Hazırda Bakıda taksi xidməti göstərən təxminən 5000 avtomobil var. Onların çoxu fiziki cəhətdən köhnəlib. Bir çoxunun müvafiq icazə sənədi yoxdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar