Paytaxt yollarının düzələcəyinə ümid qalmayıb.
Bir müddət öncə Bakıya yağan yağış nəticəsində yollar tamamilə su içində qaldı. Köhnə, çala-çuxur yollarla yanaşı, yeni təmirdən çıxan yolları da su basdı. Yay olmasına baxmayaraq 2 saat ərzində paytaxt yolları keçilməz hala düşdü. Ekspertlər bunun səbəbini yollardakı drenajların qurulmamasında, mövcud çalaların isə qapadılması ilə izah edirlər. Tarix, Mədəni və Təbii İrsi Qoruma Şəbəkəsinin koordinatoru, şəhərsalma üzrə mütəxəssis Aytəkin İmranova ANS PRESS-ə açıqlamasında bunun əsas səbəbini yolların layihəsinin tərtib olunmadan, tələsik salınması ilə izah etdi.
Aytəkin İmranova deyir ki, hansısa yolun salınması zamanı layihə ayrı-ayrı sahələrin mütəxəssislər ilə müzakirə edilməlidir. “Plansız, memarlıq işi olmadan, bədii-estetik etalonlara, ekoloji standartlara uyğun olmayan kütləvi tikintilərin, yolların tikilməsi səbəblərindən sonradan yollarımız yararsız hala düşür. Yollar salınarkən kənarlarda drenajlar qoyulmalıdır ki, buna da əməl olunmur”, - deyə Aytəkin İmranova bildirdi.
Ekspert digər problem kimi günahı Bakı şəhər İcra Hakimiyyətində görür. Onun sözlərinə görə, mövcud drenajların tez sıradan çıxmasına, tutulmasına yollardakı natəmizliklər səbəb olur: “Səhərlər, əsasən də yağışdan sonra küçələr təmizlənməlidir. Toz-torpaq, palçıq yuyulmalıdır ki, mövcud kanalizasıya quyuları da tutulmasın. Bəzən görürsən ki, yol salınır. Yola baxırsan şüşə kimi düz, hətta bəzi yollarda drenajlar da qoyulur. Lakin yağış yağan kimi yollar su ilə dolur. Səbəb də natəmizlik nəticəsində drenajların tutulmasıdır”.
Memarlıq və İnşaat Universitetinin dosenti, yol mütəxəssisi Valeh Şərifov ANS PRESS-ə açıqlamasında yağış zamanı yolların su başmaması üçün çıxış yolunu yollarda xüsusi tənzimləyici qurğular tikilməsində görür: “Bu gün avtomobil yollarına fikir verdikdə, görərik ki, yollar heç də normalara uyğun tikilməyib. Avtomobil yollarının tikilməsi və layihələnməsi böyük vəsait tələb edir. Bunun üçün əlavə kapital qoyulmalıdır ki, yollarda əlavə tənzimləyici qurğular tikilməlidir”.
Mövcud problemlər iqtisadi baxımdan da mühüm rol oynayır. İqtisadçılar hesab edir ki, digər sahələrdən fərqli olaraq, yol salınmasında daha çox yeyintiyə yol verilir. İqtisad elmləri doktoru, professor İrşad Kərimov ANS PRESS-ə açıqlamasında məsələni belə şərh etdi: “Düzdür, yolun təmir olunmasına lazım olan materiallar bahalaşıb, həm də yolların çəkilməsində iştirak edən bəzi texnikaların xaricdən gətirilməsilə əlaqədar müəyyən məbləğdə vəsait xərclənə bilər. Lakin, sözsüz ki, yolların salınma və təmirində yeyinti hallarına yol verilir. Bunu isə məharətlə gizlədirlər. Əslində yeni yol çəkilərkən, yaxud təmir olunarkən, ona zəmanət müddəti verilməlidir. Lakin bizdə bu yoxdur. Bizimkilər yolu çəkərkən çalışırlar bacardıqları qədər az pul xərcləsinlər və işi tələsik görünlər. Nəticədə isə dövlət büdcəsindən vəsait xərclənir”.
İqtisadçı ekspert Qubad İbadoğlu da hesab edir ki, yolların təmiri zamanı çəkilən real xərclər gizlədilir və şişirdilir: “Əsas problemlərdən biri də yol çəkilərkən xərclənən vəsaitin gizlədilməsidir. Buna görə də, layihələr hazırlanarkən smetalar gizlədilir. Yolların çəkilməsi üçün xərclər də müxtəlif olur. Bu mənada sırf yolun çəkilməsinə xərclənən məbləğ açıqlanmır. Yəni, hansısa yolun çəkilməsi üçün sökülən evlər, onların sahiblərinə ödənilən kompensasiyalar və digər xərclər də yolun çəkilişinə hesablanır”.
Q.İbadoğlunun fikrincə, bəzən hansısa tenderdə qalib gələn təşkilat sonradan aldığı sifarişi başqa təşkilata sifariş edir. Bununla da, vəsaitlərin çox cüzi hissəsi işi görən təşkilata çatır.
“Bu sifarişlərin bir neçə pilləli olması səbəbindən korrupsiya yeminə çevrilir. Layihələrin sosial auditi yoxdur. Yəni həmin işlərə cəmiyyət təşkilatları, mətbuat nəzarət etməlidir”, - deyə Q.İbadoğlu bildirib.
Məsələ ilə bağlı “Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev ANS PRESS-ə açıqlamasında bildirib ki, əsaslı təmir olunan paytaxt yollarında drenajlar qoyulub. “Ümumiyyətlə Bakının kanalizasiya sistemi yenidən qurulmalıdır. Hazırda Bakı yollarının 15 faizində drenajlar qoyulmayıb. Lakin bizim əsaslı təmir etdiyimiz yollarda həm drenajlar qoyulur, həm işıqlandırma sistemləri, kommunikasiya xətləri yenilənir və həm də digər amillər nəzərə alınır. Yağış kanalizasiya sistemləri olmayan yollarda yeni sistemlər yaradılır”.
P.Mürsəliyevin sözlərinə görə, yolların daha tez sıradan çıxması onun düzgün istismar olunmaması səbəbindən yaranır. Qurum rəsmisi buna misal kimi Bakı-Rusiya yolunu göstərir.
“Bakıdan Qəndob istiqamətində yola ziyan dəyməyib. Lakin Qəndobdan Bakı istiqamətinə yol dağılıb. Çünki Bakıdan keçən yük maşınları boş gedir. Qəndobdan gələn yük maşınları isə normadan bir neçə dəfə artıq yüklənir. Həmin yol eyni vaxta salınıb. Bir tərəf normal qalır, digər istiqamət dağılır. Hər bir avtomobilin yük norması var və maşın bu normaya uyğun yüklənməlidir. Bununla bağlı dəfələrlə reydlər keçiririk. Lakin hələ də bunun qarşısını ala bilmirik”, - deyə P.Mürsəliyev bildirib.
Onun sözlərinə görə, “Azəryolservis" ASC-nin icrası ilə çəkilən bütün yollara zəmanət verilir. “İstər körpü, istər asfalt, istərsə də beton yol olsun, onun istismar müddəti olur. Bu yollara xüsusiyyətlərinə görə də zəmanət verilir. Bundan başqa, istismar müddətinə yola qulluq göstərilməlidir. Bəzən yeni qurulan yolda hansısa iş aparılanda, deyirsiz ki, niyə təzə yolu təmir edirsiz? Yolda kiçik zədələnmələr, problemlər yaranan kimi aradan qaldırılmalıdır”.
Məsələ ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidməti ilə əlaqə saxlamaq istəsək də, Nuranə Mərdanovanı yerində tapa bilmədik. Ümid edirik ki, payızda ölkə ərazisində yağıntı az olacaq. Yoxsa, yayda belə bərbad vəziyyətə düşən paytaxt yolları o zaman ümumiyyətlə tanınmaz hala düşər.