Bakının işıqsız qalan zonaları
05 Fevral 2010 Cümə 12:40
Ötən gecədən Bakıətrafı kənd və qəsəbələrdə elektrik enerjisinin verilməsi dayandırılıb. Bakının işıqsız qalan zonaları.
Bakı fəlakət zonasına çevrilib. Dünən axşamdan Bakının əksər kənd və qəsəbələrində işıqlar söndürülüb. Qaz gəlmir, istilik sistemi yoxdur. Bəs, bu camaat necə yaşasın».
Bunu bir qədər əvvəl Lent.az-ın redaksiyasına zəng edən oxuculardan biri deyib. Müşfiq qəsəbəsində yaşayan oxucumuz deyir ki, dünən axşam saat 20.00-dan Müşfiq, Sulutəpə, Hökməli kəndlərində elektrik enerjisinin verilməsi dayandırılıb.
“Bakıelektrikşəbəkə” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Lent.az-a açıqlamasında Bakıya yağan qarın paytaxtın elektrik enerjisi təsərrüfatında ciddi problemlər yaratdığını təsdiqləyib. Onun sözlərinə görə, hazırda yeraltı elektrik xətlərinin olduğu ərazilərdə enerji təminatı normal qaydadadır. Hava elektrik xəttinin keçdiyi ərazilərdə isə çoxlu sayda qırılmalar baş verib. Onun sözlərinə görə, hazırda Binəqədi rayonu ərazində bir çox kənd və qəsəbələrdə, Zabrat və Qaraçuxurda elektrik enerjisi infrastrukturu demək olar ki, iflic olub.
Tanrıverdi Mustafayev deyib ki, ən böyük enerji qəzalarından biri bu gecə Binəqədi rayonu ərazisində baş verib. Belə ki, “Üzeyir” şadlıq evi yaxınlığında qarın ağırlığına tab gətirməyən ağaclardan biri ərazidən keçən 10 kilovoltluq hava elektrik xəttinin üzərinə düşüb. Nəticədə Binəqədi rayonunun böyük bir hissəsi işıqsız qalıb. Onun sözlərinə görə, səhər saatlarında baş vermiş qəzanın nəticələri qismən aradan qaldırılıb və rayonun bəzi ərazilərində elektrik enerjisinin verilişi bərpa olunub.
Bundan başqa, Bayıl qəsəbəsində elektrik dirəkləri yığılıb və bundan sonra ətrafı ərazilərdə elektrik enerjisinin təminatı dayandırılıb.
Hazırda Bakı şəhərində elektrik enerjisinin dayandırıldığı əsas ərazilər bunlardır:
Binəqədi rayonu
Sabunçu rayonu
Xətai rayonunun bir hissəsi
Nəsimi rayonunun bir hissəsi
Müşfiq qəsəbəsi
Sulutəpə qəsəbəsi
Hökməli kəndi
Bayıl qəsəbəsi
Batamdar qəsəbəsi
Mərdəkan
Qaraçuxur
Yeni Günəşli
Zığ
Hövsan
Nardaran qəsəbəsi
Maştağa kəndi
Xatırladaq ki, Sabunçu rayonu ərazisində, o cümlədən Qaraçuxur, Yeni Günəşli, Zığ və Hövsanda elektrik enerjisi infrastrukturuna nəzarəti “Azərenerji” Cəhmdar Cəmiyyəti həyata keçirir. Maraqlıdır ki, paytaxtın enerji təsərrüfatındakı ən ciddi problemlər də məhz bu ərazilərdə qeydə alınıb.
“Bakıelektrikşəbəkə” isə özünün idarəçiliyində olan ərazilərdə paytaxtda baş vermiş enerji qəzalarının nəticələrinin aradan qaldırılması üçün təcili tədbirlərə başlayıb. Hazırda Səhmdar Cəmiyyətin xüsusi briqadaları qəzanın baş verdiyi ərazilərə təhkim olunub. anspress
DOSTLARINLA PAYLAŞ: