Ötən əsrin 60-cı illərindən hamının “Sovetski” kimi tanıdığı ərazinin sökülməsi məsələsi gündəmdədir. Zaman-zaman sözügedən ərazi hissə-hissə sökülsə də, bu iş tam olaraq hələ də həyata keçirilməyib. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dəfələrlə “Sovetski”nin sökülməsinə toxunub. Hətta, ötən il ərazidəki bəzi evlər siyahıya da alınıb. İcra başçısı mediaya veridiyi yeni açıqlamada yaxın vaxtlarda paytaxtın mərkəzində köhnə evlərin söküləcəyini bildirib. Öncə Akademik Milli Dram Teatrının arxasından metronun “Elmlər Akademiyası”nın yaxınlığındakı Hüseyn Cavid parkına qədər olan ərazinin söküləcəyi nəzərdə tutulub. Söküləcək ərazidə isə yaşıllıq zolağı salınacaq.
Qeyd edək ki, “Sovetski”nin ardınca “Kubinka” kimi tanınan ərazi də söküləcək.