Bakının içməli su ilə təminatı yaxşılaşdırılacaq
18 Fevral 2010 Cümə Axşamı 19:35
İlham Əliyev: "Oğuz-Qəbələ-Bakı su kəmərinin inşası yaxın zamanlarda başa çatacaq"
Fevralın 18-də Azərbaycan prezidenti İlham Əliyevin yanında ekoloji problemlərə həsr olunmuş müşavirə keçirilib. Prezident İlham Əliyev müşavirəni giriş sözü ilə açaraq 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan olunduğunu, respublikamızda ekoloji problemlərin həllinə böyük diqqət yetirildiyini və bununla bağlı konkret proqramın qəbul edildiyini vurğulayıb.

Dövlət başçısı həmin proqramın müxtəlif sahələri əhatə etdiyini, burada nəzərdə tutulan tədbirlərin icra mexanizmlərinin, vaxtının və maliyyə mənbələrinin də əksini tapdığını bildirib.
Dünyada maliyyə və iqtisadi böhranın davam etməsinə baxmayaraq, Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı nailiyyətləri hərtərəfli şərh edən prezident İlham Əliyev iqtisadi uğurların daha da möhkəmləndirilməsi ilə yanaşı, hazırda ekoloji problemlərə də xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı neftlə çirklənmiş ərazilərin təmizlənməsi, içməli su, kanalizasiya, məişət tullantılarının utilizasiyası və s. istiqamətlərdə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev ekoloji problemlərin həlli ilə bağlı 2010-cu ildə və növbəti illərdə həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə prezident İlham Əliyevə ətraflı məlumat verib.

Dövlət başçısı Bakıda və Abşeron yarımadasında 3 milyondan çox ağacın əkilməsi ilə əlaqədar yaşıllaşdırma tədbirlərində əhalinin yaxından iştirakının əhəmiyyətini vurğulayıb. Hövsan Aerasiya Stansiyasının istifadəyə verilməsinin paytaxtın kanalizasiya probleminin həllinə önəmli töhfə olduğunu bildirən İlham Əliyev beynəlxalq təcrübə əsasında kanalizasiya sularının təkrar istifadəsi layihəsinin hazırlanmasının vacibliyini söyləyib. Dövlət başçısı Bakının içməli su ilə təminatının yaxşılaşdırılması məqsədi ilə Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinin yaxın zamanlarda başa çatdırılacağını vurğulayıb, bölgələrdə içməli suyun tərkibinin yaxşılaşdırılması üçün quraşdırılan modul qurğuların sayının artırılması və bu layihənin tətbiq edildiyi ərazilərin genişləndirilməsi barədə tapşırıqlar verib. Bakı buxtasının təmizlənməsi tədbirlərinin də həyata keçirilməsi məsələsinə toxunan İlham Əliyev Xəzər dənizinin suyundan içməli su kimi və suvarma məqsədi ilə istifadə edilməsinin beynəlxalq təcrübəyə uyğun mümkünlüyünü də nəzərə çatdırıb.

Dövlət başçısı havanın çirkləndirilməsinin qarşısının alınması, meşələrin qorunması, Abşeron yarımadasındakı göllərin bəzilərinin qurudulması, bir sıra göllərin isə abadlaşdırılaraq istirahət məkanına çevrilməsi, bərpa olunan enerji mənbələri üzrə layihələr və s. məsələlərlə əlaqədar fikirlərini bildirdi, müzakirə edilən bütün mövzulara dair kompleks layihələr və təkliflərin hazırlanmasını tapşırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar