Paytaxtın ilk "yaşıl marketi" istehlakçılar üçün böyük üstünlüklər vəd edir.
“Bilirsən, Qərbdə bazara əyləncə mərkəzinə gedən kimi gedir, ailələri ilə, uşaqları ilə. Çünki hər yan geniş və təmiz olur. Biz də Bakıda elə bir gözəllik yaratmaq istəyirik”. Bunu ANS PRESS-in əməkdaşı ilə söhbətində iş adamı Aydın Səfərov bildirir. O, Bakının ilk “yaşıl market” şəbəkəsinin inşasından danışır.
Bakıda 3-cü mikrorayon dairəsindən bir qədər aşağıda, köhnə avtovağzalla üzbəüz yerləşən köhnə toxuculuq zavodunun yerində inşa edilən “yaşıl market” layihəsinin məqsədi istehsalçılarla istehlakçılar arasında birbaşa əlaqənin yaradılmasıdır. Buna görə Aydın Səfərov bu bazarda qiymətlərin digər bazarlarla müqayisədə xeyli ucuz olacağını bildirir. Bu, sadə arifmetikadan doğur. Hazırda Bakı bazarları ilə regionlardakı istehsalçıların qiymətləri arasında 4 dəfə fərq var. Yəni topdansatışçılar rayonda 15 qəpiyə aldıqları tərəvəzi Bakı ətrafında yerləşən bazara gətirirlər və topdan 30 qəpikdən təklif edirlər. Bakının mağaza və meyvə dükanı işlədənlər isə həmin malı yeşiklərlə alaraq öz obyektlərində kilosu 60 qəpikdən satırlar. Bununla da yerli mal həmişə xarici mala qiymət rəqabətində uduzur. Həm də bu 400 faizlik artım dövriyyəsindən qazananlar yalnız alverçilər olur və istehsalçı bu oyundan kənarda qalır. Təbii ki, məhsul istehsalında elə də maraqlı olmur.
Aydın Səfərov yeni yaradılan “yaşıl market” şəbəkəsində belə dəfələrlə qiymət artımının olmayacağını bildirir. “Biz regionlarda tədarükü təşkil edəcəyik. İlk tədarük mərkəzimiz Qubada olacaq. 8 iri furqonlu yük avtomobilimiz oradan məhsulları alaraq Bakıya gətirəcək və burada soyuduculara yerləşdirəcəyik. Sonradan belə loqistika mərkəzlərinin Biləsuvarda, Cənub və Qərb regionlarında da yaradılması nəzərdə tutur. Amma biz bununla belə öz hesabına məhsulunu Bakıya gətirib çıxaranların malını da qəbul edəcəyik”,- deyə şirkət direktoru ANS PRESS-in əməkdaşı ilə söhbətində vurğulayır.
1,6 hektar sahədə yerşəcək mərkəzdə 100 ədəd yaşıl market, 50 ədəd fermer mağazası yerləşəcək. Burada həmçinin açıq və qapalı pərakəndə satış mərkəzləri də olacaq. Yəni şəhər sakinləri rahatlıqla gələrək təmiz və ekoloji şəraitdə ailəsi üçün lazım olan kənd təsərrüfatı mallarını ala biləcəklər. Şirkətin soyuducularında 4 min tona yaxın meyvə-tərəvəz və ət məhsullarını saxlamaq mümkün olacaq. Mağazaların bir xeylisi istehsalçı şirkətlərə kirayəyə veriləcək ki, onlar da əhaliyə öz məhsullarını topdansatış qiymətinə çatdıra biləcəklər. Mərkəzdə yaradılacaq laboratoriya ət məhsullarının və meyvə-tərəvəzin mütəmadi analizini aparacaq.
Ölkə başçısının “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 16 yanvar 2014-cü il tarixli sərəncamına uyğun olaraq yaradılan obyektin tikintisinə 12 milyon manat yönəldiləcək ki, bunun 9 milyon 120 min manatı Sahibkarlığa Kömək Milli Fondu tərəfindən aşağı faizli kredit kimi verilib. Qalan vəsaiti isə şirkətin özü təmin edəcək.
Hazırda keçmiş toxuculuq fabrikinin bir sıra binalarının yenidən qurulması aparılır. Bir bina isə tamamilə sökülərək yerində açıq pərakəndə satış meydançası yaradılacaq. Müəssisənin qarşısında şəhər sakinləri üçün iri avtomobil dayanacı nəzərdə tutulur. Aydın Səfərovun dediyinə görə, satış mərkəzinin yaradılmasında əsasən qərb təcrübəsindən yararlanılıb. “Biz Türkiyədə geniş yayılmış hal (topdansatış) sistemi ilə də tanışıq. Amma daha çox qərb ölkələrindəki bazar sistemini qurmağa çalışırıq. Yəni orada bu bazar elə liberaldır ki, hətta Azərbaycandan gedən mühacirələr belə o bazarda çalışa bilirlər. Biz də insanların gəlib bizdə çalışmasına geniş imkan yaradacağıq”, - deyən Aydın Səfərov obyektin 2014-cü ildə istifadəyə veriləcəyini bildirir.