Bakını tikə-tikə böləcəklər
06 İyul 2012 Cümə 16:00
ANS PRESS "Böyük Bakının regional inkişafı planı"nın təfsilatları ilə maraqlanıb.
Bir vaxt Bakının Badamdar qəsəbəsində Mariya İvanovna Turko adlı bir tibb işçisi yaşayırdı. 1961-ci i ildə fin tipli həyət evi alaraq qəsəbəyə yerləşən Mariya İvanovna elə orada da işləyirdi. Qonşuları onun gediş-gəliş qrafikinə görə az qala saatlarını düzəldirdilər - hər gün 9-a 10 dəqiqə qalanda evdən çıxırdı və 2-yə 10 dəqiqə işləyəndə nahara dönürdü, 40 dəqiqədən sonra yenə işə gedirdi, 7-yə 10 dəqiqə işləmiş isə işdən gəlirdi. Beləcə, bu qrafik Mariya İvanovnanın dünyasını dəyişdiyi 80 yaşına qədər - 40 ildən çox davam elədi. Bu illər ərzində Mariya İvanovna demək olar ki, nadir hallarda işdən qaldı və çox nadir hallarda həkimə müraciət elədi, çox gümrah yaşadı. Özü tibb işçisi olan Maşa xala gümrahlığının sirrini də bilirdi: “Mən hər gün işə piyada, ağacların arası ilə gedib-gəlirəm. Avtobusla gedib-gəlməyin əziyyətini, stressini yaşamıram, günorta yeməyini evdə yeyirəm. Hər kəs mənim kimi yaşadığı qəsəbədə işləsəydi, yəqin ki, hər kəs də belə gümrah olardı”.

Məsələnin məhz bu tərəfi artıq Qərbi Avropa və Şimali Amerika şəhərsalmasında yeni meylin - yeni urbanizasiya cərəyanın yaranmasına səbəb olub. Bu cərəyanın kökündə müasir meqapolislərin bölünərək onlarla kiçik peyk şəhərlərinə çevrilməsi durur. Bu proses XX yüziliyin sonlarında neftin bahalaşması səbəbindən avtomobil sənayesində baş vermiş böhran üzündən təbii yolla ABŞ-ın Detroyt şəhərində baş verib və bu, memarlar üçün bir növ örnək rolunu oynayıb. Bir vaxtlar Detroytun mərkəzində yaşayan 2 milyon şəhər sakininin böyük əksəriyyəti şəhər ətrafına köçərək Dirborn, Obern-Hills kimi peyk şəhərlərə yerləşiblər. Çünki böhran dövründə əhalinin dolanışığı belə kiçik şəhərdə daha ucuz başa gəlirdi - iş yerlərinə piyada gedirdilər, günorta naharını evdə edirdilər və s. Kiçik və orta biznes üçün imkanlar geniş idi - vaxtilə avtomobil sənayesində müxtəlif peşələrə yiyələnmiş insanlar xırda sexlər açaraq özləri pul qazanmağa məcbur olmuşdular. Hazırda 4,4 milyon sakini olan Detroytun əhalisinin yalnız 0,7 milyonu şəhər mərkəzində yaşayır. Qalanları ilə peyk şəhərlərə yerləşiblər. Amerika arxitektorları Detroytun nümunəsində bütün meqapolisləri neft erasının sonuna hazırlayırlar - peyk şəhərlərin daxilində əsasən velosipedlərdən istifadə ediləcək və meqapolis massivləri arasında isə nisbətən baha başa gələn elektrik nəqliyyatından - metrodan, sürətli tramvaydan, kanat vaqonlarından istifadə ediləcək. Əhali yaşadığı məhəlləni ayda-ildə bir dəfə - yalnız həddindən vacib olan zaman tərk edəcək. Tələbələrin də şəhərin bir tərəfində kirayədə qalıb o biri tərəfinə dərsə getmələrinə də ehtiyac qalmayacaq - təhsil ya distasion olacaq, ya da tələbələr univestitet şəhəriciklərində qalaraq dərslərin birbaşa iştirakçıları olacaqlar, çünki universitet şəhərlərində yaşamaq ictimai nəqliyyatdan istifadə etməkdən ucuz başa gələcək. Beləliklə, neft erasının sonuna hazırlaşan qərb memarları enerji mənbəyi problemini həll etməklə yanaşı həm də, avtomobillərin havaya atdığı istixana qazlarının yaratdığı ekoloji problemləri həll etməyi düşünürlər.

Bu məqamların Bakı Dövlət Layihə İnstitutu tərəfnidən hazırlanan “Böyük Bakının regional inkişafı planı”nda da nəzərə alındığı hiss olunur. Bakı Dövlət Layihə İnstitutundan ANS PRESS-ə verilən məlumata görə, hazırda inkişaf planı çərçivəsində yalnız şəhərin mərkəzi hissəsinin taleyi məlumdur və İnstitutda Bakı ətrafında hansı rayonlarda yeni şəhərciklərin salınması üzərində işləyirlər. Yəni mühüm sənaye və tədris obyektlərinin hansı rayonlara köçürülməsinin əlverişli olması barədə müxtəlif dövlət qurumları ilə müzakirələr aparılır. Mənbənin verdiyi məlumata görə, şəhərin mərkəz hissəsində, yəni Bayraq meydanın arxasından Əl Oyunları Sarayına, daha sonra Şəhidlər Xiyabanına, oradan da Bakıxanov küçəsinə qədər uzanan, daha sonra Vaqif prospektinin tininə və Heydər Əliyev Mərkəzinə qədər davam edən, oradan da Şmit körpüsündən və Babək prospektindəki yol ötürücüsündən dənizə istiqamət götürən və “Amay” ticarət mərkəzinin arxasından dənizə çıxan bir perimetrin arasındakı 1500 hektar ərazidə nə baş verəcəyi artıq məlumdur. Bu ərazilərdəki 1-2 mərtəbəli binalar söküləcək və yerində ev tikilməyəcək, əhalinin şəhər ətrafında yeni salınan peyk şəhərlərinə mənzillər alması stimullaşdırılacaq. Yəni “Sovetsk”, “Kubinka”, “Kömürçü meydanı”, “Güllü dərə” kimi məhəllələrdə, “Dostluq” kinoteatrının, “Şərq” bazarının, metronun “Xətai” stansiyasının yaxınlığındakı 1-2 mərtəbəli evlər söküləcək və yerində parklar, yeraltı qarajlar salınacaq. İri binalara isə toxunulmayacaq. Amma bununla belə, bu addım şəhərin mərkəz hissəsində avtmobil sıxlığını xeyli azaldacaq. Həmin evlərdən çıxarılan adamlara isə sökülən mənzillər qarşılığında əlverişli pul veriləcək, onlar da öz iş yerlərinə, gələcək planlarına uyğun olaraq yeni tikiləcək peyk şəhərlərdə mənzillər və iş yerləri almaq üçün şərait yaradılacaq. ANS PRESS- in araşdırmasına görə, artıq Bakının yayla hissəsinin belə bu cür peyk şəhərlərə bölünməsinə başlanılıb. Məsələn, Nəbatat bağından “Qurd qapısı”na qədər uzanan prospektin ətrafında “Kempinski otel”in və bir sıra başqa otellərin, sağlamlıq mərkəzlərinin, yüzlərlə işçisi olan qənnadı müəssisələrinin, ticarət mərkəzlərinin tikilməsi həmin prospekti Badamdar-Qanlı göl massivləri üçün yeni mərkəzə çevrir. Yəni əvvəllər Badamdar qəsəbəsinin sakinləri əsasən Hüseyn Cavid prospektində və metronun “İçərişəhər” stansiyası ətrafında, “20-ci sahə”dəki mədənlərdə və zavodlarda işləyirdilərsə, indi daha çox qəsəbə ərazisində iş tapırlar və işə piyada gedib gəlirlər. 1980-ci illərdə 1990-cı illərin əvvəllərində Badamdarda dəfələrlə az əhali yaşayırdı, amma buna baxmayaraq saat 5:50-dən başlayaraq 24:00-a kimi işləyən iki iri avtobus marşrutu - “3” və “34” daima dolu olurdu. İndi isə “34” demək olar ki, işləmir, marşrutu hətta dağın üzərində yeni salınmış məhəllələrə qədər uzadılmış “3”ə isə orta avtobuslar buraxılsa da heç zaman dolu olmurlar və saat 22.30-da müştəri olmadığından işlərini dayandırırlar. BDU-nun, Texniki və Memarlıq universtitetlərinin yanından keçdiyinə görə tələbələr ünvanlaran “29” və “86” marşrutlarının avtobusları isə saat 21.00 - 21.30-dan sonra işlərini dayandırırlar. Badamdar camaatı artıq istirahət üçün də avtobusla cəmi 15 dəqiqə getməyin mümkün olduğu şəhər mərkəzinə enmirlər - istirahətlərin qəsəbədəki iki parkda və “Qurd qapısı”nda yeni salınmış parkda təmin edirlər. ANS PRESS-in araşdırmasına görə, yeni “Binə” və “Sədərək” yarmarkalarının salındığı Lökbatan qəsəbəsi, yeni sement, metanol, qazobeton zavodları və istirahət zonaları salınan Sahil qəsəbəsi, yeni dəniz limanın və neftayırma komplekslərinin tikildiyi Ələt qəsəbəsi də bu cür peyk şəhərlərinə çevrilməkdədirlər. Yeni-yeni iş mərkəzləri açılan Xırdalan şəhəri, həmçinin Müşfiq və Masazır qəsəbələri də Bakının peyk şəhərləri kimi formalaşmaqdadırlar. Şəhərin şərq hissəsində isə Hövsan, Pirallahı və Dübəndi zonalarında perspektivdə peyk şəhərlərin formalaşdırılması nəzərdə tutulur.

Bakı Dövlət Layihə İnstitutundan ANS PRESS-ə verilən məlumata görə, perspektivdə peyk şəhərlərə çevriləcək bu zonalar arasında və onların mərkəzlə əlaqəsi metro xətlərinin inkişafı və sürətli tramvay xəttinin çəkilməsi hesabına təmin ediləcək. Yəni metro yayla daxilinə Dərnəgül və Qara şəhər zonalarına qədər uzadılaraq dairə təşkil etməklə yanaşı Badamdara, “Binə” və “Sədərək” yarmarkalarına, oradan da yerin üstü ilə Sahil və Ələt qəsəbələrinə qədər uzadıla bilər. Metronun digər inkişaf istiqamətləri avtovağzal - Sumqayıt, Binə Hava limanı - Mərdəkan və Zığ-Hövsan tərəflər ola bilər. Bakı Dövlət Layihə İnstitutundan Bakıda dəniz tramvayının da tətbiq edilməsi üzərində müzakirələr aparıldığı bildirilir. Yəni Zığ, “Azneft” dairəsi, Sahil və Ələt qəsəbələri arasında sərnişin gəmiləri işləyərsə, bu da avtomobil nəqliyyatında xeyli yüngülləşdirmə gətirə bilər.

ANS PRESS-in araşdırmasına görə, hazırda Bakı “Ağ şəhər” layihəsi çərçivəsində sürətli tramvayın tətbiqi üzərində müzakirələr aparılır. Layihəyə yaxın mənbənin ANS PRESS-ə verdiyi məlumata görə, ilkin olaraq sürətli tramvayın “Ağ şəhər”lə Bayraq meydanı arasında hərəkət etməsi düşünülür. Sonradan həmin xətlər Zığa və Ələtə qədər uzadıla bilər.

Bakı Dövlət Layihə İnstitutundakı mənbə şəhərin mərkəzindən ali təhsil müəssisələrinin də köçürüləcəyini bildirir: “Bütün dünyada universtitet şəhərcikləri şəhər ətrafında olur. Yəni tələbələr yaşadıqları yerdə oxuyaraq ictimai nəqliyyatda pul və vaxt sərf etmirlər. Bizdə hələ ki, universitetlər şəhərin mərkəz hissəsində qalacaq. Amma onların şəhər kənarına köçürülməsi üzərində iş gedir. Bu barədə dəqiq qərar verilən kimi ali məktəblər üçün binalar tikiləcək və onlar köçürüləcək. Onların şəhər mərkəzindəki binalarının təyinatı da dəyişdiriləcək”,- deyən mənbə unversitetlərin böyük ehtimalla Bina hava limanı tərəfə köçürüləcəyini vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar