Bakıdakı məscidlərdə azanın səsləndirilməsinə qadağa qoyuldu
01 Noyabr 2009 Bazar 01:15
Qafqaz Müsəlmanları İdarəsi bununla bağlı araşdırmalara başlayıb
Bakıdakı məscidlərdə azanın səsləndirilməsinə yenidən qadağa qoyulub. Məlumatı ANS PRESS-ə Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) rəhbəri Hacı İlqar İbrahimoğlu verib. Onun sözlərinə görə, bu gün günorta saatlarından başlayaraq paytaxtdakı bir sıra məscidlərə azanın səsləndirilməməsi ilə bağlı xəbərdarlıq edilib.
Deyerler.org internet saytının məlumatına görə, bu gün "Təzə Pir" məscidində azan aşağı səslə verilib. Qafqaz Müsəlmanları İdarəsi sədrinin köməkçisi Hacı Rüfət məsciddə məğrib azanının çox aşağı səslə verildiyini təsdiqləyib.
“İlahiyyat” məscidi, “Əjdərbəy” məscidi (“Göy məscid”), “Hacı Soltanəli” məscidi, “Kərbəlayi Abdulla” məscidində isə məğrib azanı ümumiyyətlə verilməyib. Hacı İlqar İbrahimoğlunun sözlərinə görə, “Kərbəlayi Abdulla” məscidində azanın səsləndirilməməsinə məscidin bağlanılması ilə bağlı təhdidlər səbəb olub. Məscidin növbətçisi bildirib ki, bir neçə məmur (onların adlarını çəkməyib) məscidə gələrək, minarələrdən azanın verilməsinin dayandırılmasını tələb ediblər və tələb yerinə yetirilmədiyi təqdirdə məscidin bağlanacağı ilə hədələyiblər.
Xəbəri Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini-müfti Hacı Salman Musayev də təsdiqləyib. O ANS PRESS-ə bildirib ki, hazırda bununla bağlı araşdırma aparılır və ətraflı açıqlama sabah gündüz veriləcək.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov isə ANS PRESS-ə açıqlamasında məlumatı nə təsdiq, nə də təkzib edib. “Məndə bu barədə məlumat yoxdur” deyən şöbə müdiri də rəsmi açıqlama üçün noyabrın 1-ni gözləməyi məsləhət görüb.
Onu da qeyd edək ki, azana rəsmən qadağa qoyulmayıb və məscidlərə bu barədə göstərişin qeyri-rəsmi qaydada verildiyi bildirilir. Xatırladaq ki, 2007-ci ildə də azanın səsləndirilməsinə qadağa qoyulmuşdu. Lakin ölkə rəhbərliyinin müdaxiləsindən sonra qadağa aradan qaldırıldı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar