Bakıda yenidən qurulmuş məscid istifadəyə verilib
20 Dekabr 2009 Bazar 00:05
İlham Əliyev: “Məscidin əsaslı təmirdən sonra fəaliyyətə başlaması böyük və gözəl hadisədir”
Bakının Buzovna qəsəbəsində Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində yenidən qurulan Cümə məscidi istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
İnşasına 1896-cı ildə başlanmış Buzovna Cümə məscidinin tikintisi 1900-cü ildə yarımçıq qalmışdır. 1918-ci ildə tikinti işlərinə yenidən başlanılsa da, Azərbaycanda sovet hakimiyyətinin qurulması bu məscidin binasından başqa məqsədlər üçün istifadə olunması ilə nəticələnib. Sovet dövründə məsciddən anbar və dükan kimi istifadə olunmuşdur. 2007-ci ildə Buzovna sakinlərinin Cümə məscidinin binasında bərpa işlərinin başa çatdırılması ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciəti öz həllini tapıb. Həmin ilin fevralında başlanan yenidənqurma işləri artıq sona çatıb.
Mərasimə gələn dövlətimizin başçısı və xanımı məscidin əvvəlki və indiki vəziyyətini əks etdirən fotoşəkillərə baxıblar. Bildirilib ki, sahəsi 500 kvadratmetr olan məsciddən əlavə, burada köməkçi və inzibati binalar, kişilər və qadınlar üçün dəstəmazxanalar, digər otaqlar tikilib. Məscid bütövlükdə sal daşlardan inşa olunmuş, fasad ərəb əlifbası ilə yazılan daş kitabələrlə üzlənib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Cümə məscidində yaradılan şəraitlə tanış olublar. Qeyd edilib ki, burada qadınların və kişilərin ayrılıqda ibadət etmələri üçün hər cür şərait yaradılıb. Məscidin birinci mərtəbəsində kişilər, ikinci mərtəbədə isə qadınlar ibadət edəcəklər. Eyni vaxtda burada 500 nəfər namaz qıla biləcək.
Prezident İlham Əliyev Cümə məscidində yaradılan şəraitdən razı qaldığını bildirərək dedi ki, son zamanlar təmir olunan bütün məscidlər bu səviyyədədir, gözəl, təmiz, səliqəli və möhtəşəm memarlıq üslubundadır. Dövlət başçısı məscidin əsaslı təmirdən sonra fəaliyyətə başlaması münasibətilə dindarları təbrik edib: “Bu böyük hadisədir, gözəl hadisədir. Mən çox şadam ki, Heydər Əliyev Fondunun təşəbbüsü artıq reallaşıb. Bir neçə il bundan əvvəl Buzovna sakinləri Heydər Əliyev Fonduna müraciət etmişdilər ki, bu qədim məscid bərpa olunsun, amma əslində, yenidən tikilsin. Çünki məscid kimi tikilməsi nəzərdə tutulmuş bu bina heç vaxt məscid kimi fəaliyyət göstərməmişdir, yarıdağılmış vəziyyətdə idi. Heydər Əliyev Fondu həmişə olduğu kimi, sakinlərin bütün müraciətlərinə müsbət baxmaqla qısa müddət ərzində gözəl əsər yaratdı. Onu demək istəyirəm ki, bu, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən birinci belə layihə deyil. Bundan əvvəl Binə qəsəbəsində qədim məscid tamamilə yenidən quruldu. Pirhəsən ziyarətgahı yenidən quruldu. Bu gün biz Buzovna qəsəbəsində gözəl məscidin açılışında bərabər iştirak edirik. Bu, gözəl, xeyirxah işlərdir və bir növ onu göstərir ki, Azərbaycanın həm dövləti, həm ictimai təşkilatlar öz iradəsini bütün sahələrdə ortaya qoymaqla böyük nailiyyətlərə nail olurlar”.
Sonda xatirə şəkli çəkdirilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: