Bakıda yağmursuz hava şəraiti davam edəcək
22 Avqust 2011 Bazar Ertəsi 15:20
Bölgələrdə lokal leysan xarakterli yağışlar yağacağı, dolu düşəcəyi, yağıntıların intensiv xarakter daşıyacağı proqnoşlaşdırılır


Bakı. Kəmalə Quliyeva-APA. Bakıda və Abşeron yarımadasında avqustun 23-də dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-25 dərəcə, gündüz 29-34 dərəcə, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq.

Avqustun 24-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-23 dərəcə, gündüz 24-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 23-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların lokal leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 28-33 dərəcə, dağlarda gecə 9-14 dərəcə, gündüz 15-20 dərəcə isti olacaq.

Avqustun 24-də arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda yağıntıların intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23 dərəcə, gündüz 26-31 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 14-19 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü, həmçinin avqustun 24-25-də ötən günlərlə müqayisədə sərin hava şəraiti meteohəssas insanlar üçün əlverişlidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar