Bakıda salınan Ekoloji Park tamamlanmaq üzrədir
24 İyun 2011 Cümə 12:03
Ekoloji Park adlı istixanada ildə 1000000 ədəd şitil yetişdirmək mümkündür.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən reallaşdırılan “Ekoloji Park” layihəsinin tərkib hissəsi olan 5000 kvadratmetrlik istixana kompleksi istifadəyə verilmək mərhələsindədir. ANS PRESS-in ARDNŞ-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, kompleks özlüyündə üç əsas hissədən, toxum, böyütmə və xüsusi şərait tələb edən dekorativ bitkilər üçün ayrılan oranjereya (yetişdirmə) şöbəsindən ibarətdir.
Qeyd edək ki, istixanada ildə 1000000 ədəd şitil yetişdirmək mümkündür. Cari ilin əvvəllindən istixananın toxum şöbəsində xüsusi şəbəkələrdə toxum əkininə başlanılıb. Aqrotexniki qaydalara uyğun olaraq, toxumlar əkilməmişdən xüsusi şəraitdə stratifikasiya olunur. Bu da onların cücərmə fazasını tezləşdirir, rüşeymini yarana biləcək xəstəliklərdən qoruyur və bitiş faizini artırır. Toxumlar müxtəlif ölçülü, xüsusi şəbəkələrdə, mikroelementlərlə zənginləşdirilən və torfla qarışdırılan qruntda yetişdirilir. Bu, inkişafın ilkin mərhələsinin daha sağlam və dayanıqlı keçməsinə zəmin yaradır.
Hazırda istixanada Eldar şamı, ağ şam, həmişəyaşıl sərv, Şərq tuyası, Avropa zeytunu, ağ akasiya və s. ağac növlərilə yanaşı otaq bitkiləri, müxtəlif növ bəzək gülləri və digər bitki növlərinə aid 100 minə yaxın toxum əkilib. Toxum əkininin tam aqrotexniki tələblərə uyğun aparılması nəticəsində yüksək bitiş faizi əldə olunub ki, bu da yüksək səmərəlik üçün əminlik yaradır. Bitki növlərinin yetkin tinglik dövrünə qədər vahid coğrafi arealda (Abşeron şəraitində) yetişdirlməsi yaşıllıq zolaqları salınan sahələrdə əkindən sonrakı adaptasiya prosesinin normal keçməsi və təbii itkilərin minimuma endirilməsinə şərait yaradır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: