Avqustun 9-da Tatarıstanın Bakıdakı daimi nümayəndəliyi Rusiyanın Azərbaycandakı səfirliyinin himayəsi ilə Sabantuy tatar milli bayramını keçirəcək. Tatarıstanın Bakıdakı nümayəndəliyindən verilən məlumata görə, bayram çərçivəsində 21 növ üzrə yarış keçiriləcək. Onların sırasında armrestlinq, çiyin ağacı ilə qaçış, kürəş (dəsmalla güləş), batırların (pəhləvanların), habelə ağırlıq daşları qaldırılması üzrə yarışları göstərmək olar. Qızlar üçün “Tatar gəlini” müsabiqəsinin, rəqs və bir çox digər müsabiqələrin keçirilməsi nəzərdə tutulub. Tədbirdə Azərbaycan, Rusiya, Ukrayna və digər ölkələrdən mahnı və rəqs kollektivləri çıxış edəcəklər.
Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Sabantuy bayramı YUNESKO tərəfindən Dünya Mədəni İrsi Siyahısına daxil edilib. /AzərTAc/