Bakıda qanunsuz kazino aşkarlandı
04 Avqust 2011 Cümə Axşamı 21:09
"Star" kafesində kart, domino və qumar oyunlarının təşkil edilməsi faktları üzə çıxıb.
Bu günlərdə Vergilər Nazirliyinin müvafiq qurumları tərəfindən Bakı şəhəri ərazisində vergi nəzarət tədbirləri həyata keçirilərkən qanunsuz olaraq kompüter avadanlıqları quraşdırmaqla kazino, qumar və totalizator tipli proqnoz oyunları ilə məşğul olma faktları aşkarlanıb. Vergilər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, daxil olmuş məlumatlara əsasən, avqustun 2-də Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması və Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentlərinin birgə keçirdikləri operativ vergi nəzarəti tədbirləri zamanı Səbail rayonu, Xəqani küçəsi 18 ünvanda yerləşən “Star” kafedə Əhmədov Rizvan Fazil oğlunun vergi orqanlarında uçota durmadan qanunsuz olaraq kompüter avadanlıqları quraşdırmaqla kazino, kart və domino ilə qumar oyunları təşkil etməsi faktları aşkar edilib.

Vergi əməkdaşları tərəfindən həmin obyektdən qumar oyunları üçün nəzərdə tutulmuş 14 ədəd kompüter dəsti, 30 ədəd kart, 11 dəst domino, kartla qumar oyunları oynamaq üçün dairəvi stollar götürülüb. Aydın olub ki, oyunlar kafenin gizlin arxa otaqlarında təşkil edilib. Otaqlarda internet vasitəsilə kazino oyunları keçirilməsi, digərlərində isə kart və digər qumar oyunları üçün xüsusi şərait yaradılıb. Fakt üzrə müvafiq akt tərtib edilib.

Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi 11 nömrəli binanın qarşısında yerləşən obyektdə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı Hüseynov Naib Xanbala oğlunun vergi orqanlarında uçota durmasına baxmayaraq, qanunla qadağan edilmiş kazino oyunları, totalizator tipli futbol proqnoz oyunları ilə məşğul olduqları aşkarlanıb. N.Hüseynova məxsus həmin obyektdən qumar oyunları üçün nəzərdə tutulmuş 10 ədəd kompüter dəsti, 506 ədəd futbol proqnoz cədvəli, futbol proqnoz qəbzləri, nağd pullar, müvafiq qeydlərin aparıldığı dəftərlər götürülüb.

Hər iki obyektdə vergidən yayınma hallarının müəyyən edilməsi məqsədilə götürülmüş sənədlər və maddi sübutlar Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentində aparılan yoxlamaya təqdim edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar