İyunun 10-dan 26-dək Bakıda NATO həftəsi keçiriləcək. Bu barədə məlumat Xarici İşlər Nazirliyindən verilib. NATO həftəsi çərçivəsində bir sıra seminarlar, konfranslar və işgüzar görüşlər olacaq.
İyunun 10-11-də “Enerji təhlükəsizliyi: çağırışlar və perspektivlər” mövzusunda Avratlantika Tərəfdaşlığı Şurasının seminarı keçiriləcək. Seminarda Rumıniya Xarici İşlər Nazirliyinin strateji işlər üzrə dövlət katibi Boqdan Aureskunun əsas məruzəçi kimi iştirak edəcəyi gözlənilir.
Bundan başqa, iyunun 16-da elmi sahədə əməkdaşlıq məsələlərinə dair NATO-Azərbaycan işgüzar görüşü olacaq.
Avratlantika İttifaqı çərçivəsində, habelə “NATO və Azərbaycanın əməkdaşlığı sahəsində silahlı qüvvələrin və hüquq-mühafizə orqanlarının rolu” mövzusunda konfransın keçirilməsi planlaşdırılıb.
Bakı tədbirlərində NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti Zbiqner Rıbatskinin də iştirak edəcəyi gözlənilir./AzərTAc/