Bakıda MDB-nin ən iri yaşayış kompleksi inşa olunacaq
04 Noyabr 2013 Bazar Ertəsi 11:25
Hövsan qəsəbəsi, keçmiş südçülük sovxozu yaxınlığında ərazidə iri yaşayış kompleksi salınacaq.
Bakı şəhərində Azərbaycan və MDB-də analoqu olmayan iri tikinti layihəsi həyata keçiriləcək. Belə ki, Hövsan qəsəbəsi, keçmiş südçülük sovxozu yaxınlığında ərazidə ümumi sahəsi 330 hektar olan ərazidə iri yaşayış kompleksi inşa olunacaq.
Bakı şəhərinin baş inkişaf planına əsasən, həyata keçiriləcək layihənin birinci mərhələsində 50 ha sahədə orta mərtəbəli yaşayış binaları inşa ediləcək. Burada 3-9 mərtəbəli 22 yaşayış binası tikiləcək. Yaşayış binalarında 1-3 otaqlı olmaqla 3 640 mənzil yerləşəcək.
ANS PRESS APA-ya istinadla xəbər verir ki, bu barədə «AS Group Investment» Şirkətlər Qrupu Marketinq və inkişaf Departamentinin rəisi Elçin Niyazov məlumat verib.
E.Niyazov bildirib ki, layihənin reallaşdırılmasına artıq 2014-cü ilin əvvəlində başlanılacaq: «Hazırda son hesablama işləri aparılır. «Hövsan» adlanan bu layihənin həyat keçirilməsində məqsəd şəhərdən kənarda yeni yaşam tərzi qurmaqdır. Biz burada parklara xüsusi yer ayırmışıq. Böyük Bakının Baş Planına əsasən, inşaat işləri hələlik 330 hektar ərazidə aparılcaq».
Qeyd edək ki, «Hövsan» layihəsində yüngül sənaye müəssisələri, idman və əyləncə mərkəzləri, yerüstü metro (monorelslər), sakinlər üçün velosiped yolları şəbəkəsi inşa olunacaq, həmçinin süni gölməçələrin yaradılması nəzərdə tutulub.
Layihənin unikal obyektlərindən biri isə burada «Disneyland» layihəsi əsasında salınacaq atraksion parkı olacaq.
"Hövsan" layihəsi çərçivəsində həmçinin hər biri 440 şagirdin təhsil alması üçün planlaşdırılan 2 məktəbin tikintisi nəzərdə tutulub. Ərazidə hər birində 150 uşaq olacaq 5 uşaq bağçası, hər birinin sahəsi 800 kv. metr olacaq 11 idman meydançası, 3 əyləncə mərkəzi, 16 ikimərtəbəli ticarət mağazaları, 26 məhəlləarası mağaza, biznes və tibb mərkəzləri tikiləcək. Bundan əlavə, 10 hektardan artıq yol şəbəkəsi, 20 ha yaşıllaşdırma zonası, 1 200 avtomobil üçün yerüstü dayanacaq nəzərdə tutulub.
E.Niyazov əlavə edib ki, gələcəkdə layihənin həyata keçiriləcəyi ətraf ərazilərin də inkişaf etdirilməsi nəzərdə tutulub: «Burada Bakının Baş Planı əsasında turizm komplekslərinin yaradılması, Dübəndi qəsəbəsinə qədər uzanacaq böyük bir sahədə - təqribən 2 500 ha ərazidə tikinti işlərinin aparılması nəzərdə tutulub».
DOSTLARINLA PAYLAŞ: