Bakıda küləyin aşırdığı ağac azyaşlının üstünə düşüb
02 İyul 2011 Şənbə 12:01
Bakıda iki gündür əsən güclü külək bu gün də davam edir.
Bu gün səhər saatlarından yenə də ağac külək davası başladı. Külək əsməklə öz sərtliyini, ağaclar isə küləyin sürətinə tab gətirməklə dözümlü olduqlarını sübüta yetirməyə çalışdılar. Amma Bakımıza əbəs yerə badi kübə- yəni küləklər şəhər adını verməyiblər ki. Əsən küləyin fonunda şəhərimiz bu adın doğruluğunu bir daha təsdiqlədi. Səhər saatlarında əsməyə başlayan güclü külək şəhərdə kökü üstə dayanan ağac buraxmadı. Onlarla ünvandan xəbər gəldi ki, külək ya ağacı maşının üstünə aşırıb, ya qaz borusunu zədələyib və yaxud binanın gediş- gəliş yolunu bağlayıb.

Zığ yolu 1 b ünvanında aşan ağac maşını zədələməklə yanaşı, binada yaşayan 6 yaşlı Seymur Məmmədovun üzərinə aşıb və azyaşlı başından xəsarət alıb.

Nizami rayonu, İsmayıl Məmmədov 8 ünvanında yerə aşan 60 ilin ağacı özü ilə həmyaşıd qocaman neftçini də yerə sərib. Evinə doğru addımlayan ağsaqqal xoşbəxtlikdən ağacın bir o qədər də ağır olmayan budaqlarının altında qalıb. Yaşlı neftçi qonşuların köməkliyi ilə budaqların ağuşundan çıxarılaraq təcili yardımla xəstəxanaya aparılıb.

Artıq aşan ağac hissələrə doğranıb və ərazi təmizlənib. Ağacın bir hisəsi yük maşınının üstünə düşdüyündən nəqliyyat vasitəsinə də zərər dəyib. Üstəlik ağac yaxınlıqdakı dirəyi də yarasız hala salıb. Qonşular isə aşan ağacın insan sağlamlığına zərər vurması halının birinci dəfə baş vermədiyini deyirlər. Sən demə, təhlükə mənbəyi olan ağaclar bu ünvanda xeyli saydadır.

Nəsimi rayonu, Asim Məhərrəmov küçəsində kökündən qırılan ağac isə xoşbəxtlikdən boş sahəyə aşıb. Hadisə səhər saatlarında baş verib. Aşan ağac qaz borusunu zədələməklə yanaşı 6-7 blokun giriş -çıxışını iflic edib.

Nərimanov rayonundakı aşan ağac da blokların giriş qapısını tutub. Bakı şəhər Yaşıllaşdırma Təsərüfatı Birliyinin əməkdaşları ağacların budaqlarını kəsərək ərazidən uzaqlaşdırıb.

Qeyd edək ki, bu axşam zəifləyəcək külək, sabah axşama doğru yenidən güclənəcək. Küləkdən aşan ağaclar bir neçə nəfərin xəsarət alması ilə nəticələnib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar