Bakıda keçirilən I Regional Turizm Sərgisi davam edir
29 Aprel 2010 Cümə Axşamı 17:00
Azərbaycanda “Sərgini ziyarət et – dünyanı kəşf et!” şüarı altında keçirilən IX Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2010” sərgisi ilə paralel olaraq 1-ci Regional Turizm sərgisi davam edir.
«APA-ECONOMICS»in məlumatına görə, paralel keçirilən dolğun tədbirlər proqramına daxil olan seminarlar, təqdimat mərasimləri, mükafat lotereyaları sərginin əhəmiyyətini daha da artırır.
Artıq “Biz Dubaya gedirik!”, “İsrailə turlar. Qırmızı, Aralıq, Ölü dəniz kurortlarında istirahətin təşkili” kimi mövzular ətrafında seminarlar keçirilib. Yunanıstanın milli stendində iyunun 12-də istifadəyə veriləcək yeni Bakı-Krit reysinin təqdimatı keçirilib. Hindistanın milli stendində rəngarəng folklor proqramı təqdim olunub.
“AITF 2010” sərgisi ilə yanaşı, mehmanxanalar, restoranlar və supermarketlər üçün kompleks avadanlıqlar, mətbəx avadanlıqları, ticarət köşkləri, tez qidalanma sistemləri, mehmanxana və restoranlar üçün mebel və bir çox digər avadanlıqlar təqdim edən “HOREX 2010” IV Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar sərgisi keçirilir. Sözügedən sektorun peşəkarlarının illik görüşləri və tərəfdaş münasibətləri qurmaq imkanları axtaran hər bir iş adamı üçün bu sərgi regionda yeganə bir məkandır. “HOREX” sərgisində “National”, “Tolkar”, “Zanussi”, “Electrolux”, “Ratondi”, “Scotshmann”, “Winterhalter” və bir çox digər tanınmış ticarət nişanları ilə yaxından tanış olmaq olar.
Xatırladaq ki, sərgidə yüksək vəzifəli şəxslər iştirak edib. O cümlədən Stavropol diyarının qubernatoru Valeri Qayevski, Gürcüstan Mədəniyyət və Turizm Nazirliyinin İdarə etmə katibi, Hindistan turizm təşkilatının rəhbəri, Gürcüstan, Hindistan, Türkiyə, Rusiya və digər sərgidə iştirak edən ölkələrin diplomatik korpuslarının nümayəndələri sərgini ziyarət ediblər. Bu il Türkiyə Respublikası sərgidə fəal iştirak edir və ilk dəfə olaraq “AITF 2010” sərgisində tərəfdaş ölkə qismində çıxış edir. Türkiyə stendində milli rəqslər, mahnılar və digər əyləncəli proqramlar təqdim olunub.
Bundan əlavə, həmişə olduğu kimi, şirkətlər öz stendlərində turizm putyovkaları və güzəştli aviabiletlər üzrə lotereyalar təşkil edilib. Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və informasiya işləri üzrə müşaviri doktor Aytəkin Yılmaz deyib: “Qafqaz və Mərkəzi Asiya regionları bizim ölkənin turizm imkanlarının təqdim olunması nöqteyi-nəzərindən çox mühüm və perspektivli sayılır. Əlbəttə ki, Azərbaycan bu baxımdan daha sərfəli və stabil tərəfdaşdır. Məhz buna görə də biz ikinci ildir ki, mütəşəkkil surətdə “AITF” sərgisində iştirak edirik. Bu il isə biz ilk dəfə sərgidə tərəfdaş ölkə qismində çıxış edirik”.
Sərgilər aprel ayının 30-na qədər davam edəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: