Bakıda iki jurnalist həbs olundu
08 Oktyabr 2009 Cümə Axşamı 21:05
“Nota” qəzetinin baş redaktoru və əməkdaşı 3 ay müddətinə azadlıqdan məhrum edilib
Bu gün Bakı Apellyasiya Məhkəməsi “Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli və qəzetin əməkdaşı Fərəməz Allahverdiyevi qəzetdə dərc olunmuş yazılarına görə 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Qeyd edək ki, baş redaktor və əməkdaş ictimai birlik rəhbəri Təhmasib Novruzov barəsində yazdıqları məqalələrə görə məhkəməyə verilib. Hələ iyul ayında Nizami Məhkəməsi S.Əlibəylini təhqirdə (Cinayət Məcəlləsi, maddə 148) və F. Allahverdiyevi isə ağır cinayət törədilməsi ilə bağlı böhtan atmaqda suçlu bilərək 3 aylığa azadlıqdan məhrum edib, cəzanın icrası isə təqsirləndirilən şəxslərin apellyasiya şikayətinə baxışadək təxirə salınıb. Məhkəmə S.Əlibəyli və F.Allahverdiyevdən başqa, “Nota” qəzetinin digər əməkdaşı Ramiz Tağıyevi də 6 ay müddətinə islah işlərinə cəlb edib.

Bu gün Bakı Apellyasiya Məhkəməsi jurnalistlərin şikayətinə baxıb və rədd edib. Jurnalistlər məhkəmə zalında həbs olunaraq, saxlanma təcridxanasına aparılıb.

Media Hüququ İnstitutu məhkəmənin bu qərarı sərt addım sayıb. İnstitutun yaydığı bəyanatda bildirilir ki, ictimai önəm daşıyan mövzular ətrafında polemikalar açmağa, yalnız bu yolla geniş auditoriya qazanmağa çalışan jurnalistlərin Cinayət Məcəlləsinin böhtan və təhqirə görə cinayət cəzası nəzərdə tutan 147 və 148-ci maddələrilə məsuliyyətə cəlb olunması Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə ziddir.ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar