Bakıda ictimai nəqliyyatda gediş haqları artırıla bilər
16 İyun 2011 Cümə Axşamı 14:21
İntellektual idarəetmə sisteminin qurulması çərçivəsində bir sıra yeniliklər ola bilər.
Bakıda nəqliyyatın intellektual idarəetmə sisteminin qurulması çərçivəsində bir sıra yeniliklərin tətbiqi gözlənilir. APA-nın məlumatına görə, bu barədə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, yeniliklər sırasına bütün dayanacaqlara, avtobuslara və hətta taksilərə kameraların quraşdırılması, avtobusların hərəkət qrafikinin sərnişinlər və avtobus gözləyənlər tərəfindən izlənməsi, yolların və dayanacaqların sıxlığının monitorinqinin aparılması və s. aiddir.

Nazir qeyd edib ki, bu yeniliklərin tətbiqindən sonra ictimai nəqliyyatda gediş haqlarına yenidən baxıla bilər. Gediş haqlarının dəyişməsi isə artım istiqamətində olacaq: “Əhalinin rifah səviyyəsi yüksəldikcə, ictimai nəqliyyatda çalışan şirkətlər də bu sahəyə investisiya yatırmaq üçün maraqlı olmalı və gəlir əldə etməlidirlər. Bu sistem tətbiq olunandan sonra gediş haqlarının plastik kartlar vasitəsilə ödənişinə də başlanacaq”.

Ziya Məmmədov gediş haqlarının bu ilin sonunadək artırılacağını da istisna etməyib. Onun sözlərinə görə, Bakıda nəqliyyatın intellektual idarəetmə sisteminin bu ilin sonunadək - sentyabr-noyabr aylarında işə salınması gözlənilir.

Qeyd edək ki, “Nəqliyyat Əməliyyatlarının İntellektual İdarə Edilməsi Sistemi”nin yaradılmasına dair Koreyanın “SK C&C” şirkəti ilə müqavilə 2008-ci ilin may ayında imzalanıb. Sistemin tətbiqi nəticəsində avtobus marşrutlarının hərəkəti tənzimlənəcək, onların hərəkət qrafikinə nəzarət imkanı yaranacaq. Bu çərçivədə fövqəladə hallar zamanı şəhər nəqliyyatının idarə olunmasının təşkili, yollarda, yol ötürücülərində, dayanacaqlarda və parklanma yerlərində qəzalar (yol-nəqliyyat hadisələri, terror aktları və s.) haqqında məlumatların yığılması, qeydə alınması və aidiyyəti təşkilatlara ötürülməsi həyata keçiriləcək. Video, mikrodalğalı aşkarlayıcılar, aşkarlayıcı halqalar vasitəsilə real zamanda nəqliyyatın cari vəziyyəti haqqında informasiya İTS serverlərinə toplanacaq. Kabel televiziyası, İnternet, mobil telefonlar, elektrik rəqəmsal tablolar, avtobus dayanacaqlarında quraşdırılan informasiya tabloları kimi müxtəlif informasiya təminatı vasitələrinin köməyi ilə nəqliyyatın ümumi vəziyyəti, qəzalar və s. üzrə informasiya istifadəçilərə ötürüləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar