Bakıdakı Azərbaycanda ilk dəfə olaraq cərrahiyyənin müasir metodlarının tətbiqi - "Minimal invaziv cərrahiyyə" mövzusunda beynəlxalq konqres keçiriləcək. Cərrahların konqresi "Türk-Azərbaycan Endoskopik Cərrahlar Assosiasiyası" (TAECA) və ARDNŞ-in Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən Mərkəzi Neftçilər Xəstəxanasının birgə təşəbbüsü və təşkilatçılığı ilə baş tutacaq. Konqres iyulun 27-dən 29-dək davam edəcək.
ARDNŞ-dən ANS PRESS-ə verilən məlumata görə, konqresdə ABŞ, Rusiya, Belçika, Türkiyə kimi ölkələri təmsil edən qabaqcıl mütəxəssislərin, həmçinin 200-ə yaxın azərbaycanlı alim və həkimin iştirakı nəzərdə tutulur. Tədbirdə iştirak edəcək xarici mütəxəssislər arasında ABŞ-ın Klivlend Klinikası Laparoskopik qaraciyər cərrahiyyəsi şöbəsinin müdiri doktor Eren Berber, ABŞ-ın Klivlend Klinikasının Piylənmə əleyhinə cərrahiyyə şöbəsinin müdiri doktor Mətyu Kroh, həmin klinikanın Minimal İnvaziv Cərrahiyyə Departamentinin direktoru Nensi Farrou, Türkiyə Endoskopik və Laparoskopik Cərrahiyyə Dərnəyinin sədri professor Emin Ersoy da var.
Konqresin əsas mövzuları sırasında - az müdaxiləvi radiologiya metodları, mədə və diafraqma yırtıqlarının endoskopik müalicə üsulları, endoskopik yoğun bağırsaq cərrahiyyəsi, endoskopik qaraciyər, mədəaltı vəzi və dalaq cərrahiyyəsi, dünyanın son texnologiyalarından olan robot cərrahiyyəsi, çəki artımı - köklük və piylənməyə qarşı endoskopik cərrahiyyənin tətbiqi, öd yolları daşlarının endoskopik müalicəsi, ultrasəs müayinə və müalicə metodları, süd vəzi xəstəliklərinin endoskopik müalicə üsulları xüsusi yer tutur.
Tədbirə tibb elmləri namizədi, TAECA-nın sədri Kənan Yusifzadə sədrlik edəcək. Beynəlxalq tədbirin təşkilat komitəsinin sədri Respublika Klinik Cərrahiyyə Mərkəzinin direktoru, akademik Böyükkişi Ağayev, məsul katibi isə Türkiyə Ege Universitetində Müdaxiləvi Radiologiyanın qurucusu, MNX-nın Şüa-Diqnostika şöbəsinin baş mütəxəssisi professor Ahmet Memişdir. /ANS PRESS/