Aprelin 16-18-də Bakıda VIII Azərbaycan Beynəlxalq Turizm və Səyahət (AITF) və III Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar (HOREX) sərgiləri keçiriləcək.
APA-nın məlumatına görə, bununla bağlı bu gün mətbuat konfransı keçirən «İteca Caspian»ın baş direktoru Fərid Məmmədov bildirib ki, AITF sərgisinin keçirilməsinə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Ümumdünya Turizm Təşkilatı, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), Turizm Sərgilərinin Təşkilatçıları Assosiasiyası və Azərbaycan Turizm Assosiasiyası dəstək verir.
AITF sərgisində iştirak üçün dünyanın 20 ölkəsindən 78 şirkət qeydə alınıb. Bu il sərginin ekspozisiya sahəsi 30% artıb. Sərgi iştirakçılarının təxminən 35%-ni yerli şirkətlər təşkil edir. Azərbaycanın daxili regional turizmi bu il Qəbələ, Nabran, Quba, Lənkəran və başqa rayonların mehmanxanaları ilə təmsil olunacaq. Ənənəvi olaraq, sərgidə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qarabağ stendi təqdim ediləcək. Nazirliyin dəvəti ilə ISESCO təşkilatına üzv olan ölkələr AITF sərgisində öz turizm potensialını nümayiş etdirəcəklər. ISESCO birləşmiş stendi çərçivəsində İordaniya, BƏƏ, Malayziya, İndoneziya və İraq da milli stendlə çıxış edəcək.
Bu il sərgi sponsoru kimi çıxış edən Türkiyə, İspaniya və Mavrikiyə milli stendlərini təqdim edəcək. Sərginin yeniliklərindən biri Türkiyədə yerləşən yeni-evlənənlər üçün xüsusi mehmanxana olacaq.
F.Məmmədov bildirib ki, HOREX sərgisində İtaliya, Almaniya, Türkiyə, Azərbaycan, Rusiya və Ukraynadan 20 şirkət iştirak edəcək. Ekspozisiyaların çeşidinə mətbəx avadanlıqları, hamam otaqları üçün kosmetik aksessuarlar, supermarketlər üçün soyuducu və anbar avadanlıqları, peşəkar camaşırxanalar, məişət kimyası və s. daxildir. Sərgidə ilk dəfə olaraq, turistləri istiqamətləndirmək üçün GPRS naviqasiya sistemləri təqdim olunacaq.
HOREX sərgisi çərçivəsində iştirakçı şirkətlərin stendlərində parlaq kulinariya şouları, xarici mütəxəssislərin iştirakı ilə aşpaz və barmenlər üçün master-klass nümayişləri də keçiriləcək.
APA